Ankarada Türk Eğitim-Sen – Təhsil üzrə Azad Həmkarlar İttifaqı və Beynəlxalq Avrasiya Təhsil Həmkarlar İttifaqının (BATHİ) birgə keçirdiyi III Beynəlxalq Türk Dünyası Mühəndislik və Fənn Elmləri Konfransında 13 ölkədən aidiyyəti qurumların təmsilçiləri, alimlər iştirak ediblər.

22–24 oktyabr tarixində onlayn formatda keçirilən konfrans Türk Eğitim-Senin “Youtube” kanalından və sosial şəbəkə səhifələrindən canlı yayımlanıb.  Azərbaycandan tədbirə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə qatılıb.

Açılış nitqi ilə çıxış edən Türk Eğitim-Senin baş direktoru Talip Geylan diqqətə çatdırıb ki, builki toplantıda mühəndislik və fənn elmləri sahəsində tanınan nüfuzlu alimlər elmin bu günü və gələcəyi ilə bağlı məruzələrini təqdim edəcəklər. Bildirilib ki, bu cür konfranslar Türk dünyasını təmsil edən ölkə və toplumlar üçün  elm və texnologiya sahəsində biliklərin paylaşılması baxımından əhəmiyyətlidir.

Qeyd edək ki, konfrans çərçivəsində 33 onlayn sessiya keçirilib. Yunus Əmrə, Qazi Mustafa Atatürk, Memar Sinan, Piri Rəisin xatirəsinə həsr edilən, eləcə də məşhur alimlər Əziz Sancar, Oktay Sinanoğlu, Cahit Arf, Mennan Aksoy ilə bağlı panellərdə 90-dan çox təqdimat edilib. Sessiyalara ümumilikdə 300-dək alim qatılıb.

Konfransın bağlanış sessiyasında təşkilat komitəsində yer alan alimlərin iştirakı ilə qiymətləndirmə mərasimi keçirilib və yekun bəyannamə təqdim edilib. Həmçinin universitet səviyyəsində bütün prioritet sahələr üzrə müxtəlif miqyasda kitabların yazılması və ya onların xarici dillərdən türk dilinə tərcüməsi tövsiyə olunub. Bəyannamədə ortaq türk dili əlifbasına keçidin zəruriliyi də vurğulanıb.

Eyni zamanda artıq ənənə halını almış konfransın Türk dünyasında mədəni körpülərin möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Türk dünyası ölkə  və toplumları arasında elmi-texniki, mədəni, humanitar sahələrdə əlaqələri sıxlaşdırmaq üçün Türk Dövlətləri Elm Şurası, Türk Dünyası Araşdırma və Gənclik Mərkəzi kimi qurumların yaradılması, elm və texnologiyalar üzrə ortaq türk terminologiyasının tətbiqi, birgə layihələr həyata keçirilməsi, “Türk dünyası elm mükafatı”nın təsis olunması ilə bağlı tövsiyələr səslənib.

Mehparə SULTANOVA
Ankara