Kolumbiya Azərbaycana gül-çiçək ixracatını artırmaq istəyir. Kolumbiyanın ölkəmizdəki səfiri Luis Antonio Dimate Kardenas bu məqsədlə sektorda çalışan azərbaycanlı iş adamları ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüş zamanı Kolumbiyadan ölkəmizə gül-çiçək tədarükünün artırılması imkanları qiymətləndirilib. Görüşdə pandemiyaya rəğmən gül tədarükü sektorunda vəziyyətin sabit qaldığı və yaxşı inkişaf perspektivlərinin olduğu qeyd edilib. Vurğulanıb ki, bu, Azərbaycan şirkətləri ilə kolumbiyalı istehsalçılar arasında daha sıx ticarət əlaqələrə zəmin ola bilər.

Diplomat Kolumbiya səfirliyinin iki ölkənin iş adamları arasında əlaqə qurmağa köməklik göstərməyə hər zaman hazır olduğunu bildirib.