Azərbaycan Turizm Bürosu qlobal elektron axtarış sistemi kimi aviabiletlər, hotel və avtomobil icarəsini əlçatan edən “Skyscanner” platformasında onlayn kampaniyaya başlayıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, kampaniya çərçivəsində “www.skyscanner.net” saytında beynəlxalq platformanın İsrail, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədən olan istifadəçiləri üçün Azərbaycana uçuşlar, hotellər və turizm təklifləri haqqında ingilis dilində ətraflı məlumatlar yerləşdirilib. Platforma istifadəçiləri əsas səhifəni sadalanan ölkələr üzrə dəyişdikdə Azərbaycan haqqında maraqlı məlumatların yerləşdirildiyi səhifəyə yönləndirilirlər. Səhifədə isə ölkəmizin UNESCO-nun Dünya İrsi Siyahısına salınmış obyektləri, memarlıq və sənətkarlıq nümunələri, təbiəti, multikultural mühiti haqqında məlumat öz əksini tapır.

“Skyscanner” onlayn səyahət agentliyinin əsası 2003-cü ildə Böyük Britaniyada qoyulub. Saytın aylıq ziyarətçi sayı 100 milyona çatır.