Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində törədilən qanlı terrordan bir il ötdü.
2020-ci il oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə olunmaqla raket zərbələri endirilib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla, 21 dinc sakin həlak olub, 70-dən çox şəxs yaralanıb. Şəhərdə yerləşən evlərə, mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Bundan bir gün əvvəl – oktyabrın 27-də təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonunun Qarayusifli kəndi ağır artilleriyadan atəşə tutulmuş, nəticədə 5 dinc sakin həlak olmuşdu. Vətən müharibəsinin gedişində – 5, 8, 27, 28 oktyabr və 7 noyabrda Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb.
Bərdə terroru zamanı həlak olan sakinlərdən biri də Leyla Mustafayevadır. Qızı Sevinc Mustafayeva bildirib ki, o, birinci raket düşəndən sonra insanlara kömək üçün evdən küçəyə qaçarkən ikinci raketin partlaması nəticəsində həlak olub: “Anam darvazadan çıxan zaman ikinci raket partlayıb. Qəlpələr anamın qolunu kəsmiş, kürəyinə, ürəyinə girmişdi. Biz Bərdədə ikinci Xocalı faciəsini yaşadıq. Bərdə terroru XXI əsrdə olan ikinci Xocalı faciəsi idi. Avtomobildə yananlar, başı bədənindən ayrılanlar... Çox dəhşətli, çətin, ağır günlər idi. Evimiz də dağılmışdı... Hələ də yaramız sağalmır. Evimiz də, bütün dağıntılar da düzələ bilər, amma ruhumuzun dağıntıları hələ də qalmaqdadır”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri 44 günlük müharibə zamanı Bərdə ilə yanaşı, Azərbaycanın digər yaşayış məntəqələrini də atəşə tutub. Ermənistan tərəfindən 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində ümumilikdə 26 mülki şəxs həlak olub, 175 nəfər yaralanıb.
Düşmənin təcavüzkar hücumları nəticəsində Goranboy rayonunda 8 mülki şəxs, Tərtər rayonunda 17 nəfər, Beyləqan rayonunda 2 nəfər, Ağcabədi rayonunda 1 nəfər, Füzuli rayonunda 3 nəfər, Ağdam rayonunda 7 nəfər həlak olub. Mingəçevir şəhərində 4 nəfər, Daşkəsən rayonunda 1 nəfər, Cəbrayıl rayonunda (Cocuq Mərcanlı) 1 nəfər, Tovuz rayonunda 1 nəfər yaralanıb.
Vətən müharibəsinin gedişində Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 1-i körpə, 11-i uşaq, 27-si qadın, 54-ü kişi olmaqla, ümumilikdə 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb.
Ermənistan Azərbaycanın cəbhə xəttindən uzaqda yerləşən şəhər və kəndlərinə qadağan olunmuş silahlarla hücum edərək dinc insanları məqsədli şəkildə öldürüb, bununla da, müharibə cinayəti və insanlıq əleyhinə cinayət törədib.