Yeni təqdimat Zəfər Gününə həsr olunacaq

 

Heydər Əliyev Sarayı noyabrın 6-da Zəfər Gününə həsr olunmuş möhtəşəm layihə təqdim edəcək. Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Sarayı, Akademik Opera və Balet Teatrı və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təqdimatı ilə Xalq artisti Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyasının musiqili-xoreoqrafik quruluşda nümayişi olacaq.

Layihənin rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, ssenari müəllifi Əjdər Ulduz, quruluşçu xoreoqrafı Xalq artisti Kamilla Hüseynova, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xormeysteri Xalq artisti Gülbacı İmanova və quruluşçu rəssamı Fərid Nəcəfovdur. Layihədə solistlər – Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Ramil Qasımov, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Əməkdar artist Əliağa Sədiyev (tar) və filarmoniyanın Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası, Akademik Opera və Balet Teatrının balet truppası iştirak edəcək.

Qeyd edək ki, “Qarabağ şikəstəsi” oratoriyasının yeni quruluşu Azərbaycan xalqının işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsini əks etdirir. Görkəmli şair, publisist Teymur Elçinin sözlərinə yazılan oratoriya V.Adıgözəlovun diqqətəlayiq əsərlərindən biridir.