Oktyabrın 28-də görkəmli nasir, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, Dövlət mükafatları laureatı, Xalq yazıçısı Mirzə İbrahimovun (1911-1993) anadan olmasının 110-cu ildönümü tamam olur.

Dövrünün milli ruhlu şəxsiyyəti olan ədibin əsərlərində doğulduğu torpağa, el-obaya, klassik ədəbi irsimizə, folklor qaynaqlarımıza, bütövlükdə Azərbaycan mədəniyyətinə dərin məhəbbət, soy-kökünə, milli adət-ənənələrimizə sıx bağlılıq var.

Görkəmli yazıçının 110 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Mirzə İbrahimov – 110” adlı virtual sərgi hazırlanıb.
Virtual sərgidə Mirzə İbrahimov haqqında rəsmi sənəd, onun mükafatları, fotoları, müəllifi olduğu kitablar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Mirze_%C4%B0brahimov_110/index.htm

***

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası da “Mirzə İbrahimov – 110” adlı virtual kitab sərgisi və videoçarx hazırlayıb.

Hər iki materialda M.İbrahimovun həyat və yaradıcılıq yolu haqqında geniş məlumat verilir. Ədibin yaradıcılığında mühüm yer tutan “Gələcək gün” romanı, “Qorxulu səs”, “Yol ayrıcında”, “Mələk”, o cümlədən “Cənub hekayələri” silsiləsinə daxil olan “On iki dekabr”, “Azad”, “Tonqal başında” hekayələri və s. yaradıcılıq nümunələri haqqında söz açılır.

Bundan əlavə, virtual kitab sərgisində izləyicilərə M.İbrahimovun “Həyat”, “Madrid”, “Məhəbbət” dramlarının, “Böyük dayaq” romanının annotasiyası təqdim olunur. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materiallarda dramaturqun layiq görüldüyü mükafatlar, fotoları və s. yer alıb.

Hazırlanan materiallar kitabxananın “İnstagram” səhifəsində yerləşdirilib.