İşğaldan azad olunmuş ərazilərimizdə yenidən qurulacaq kitabxanaların fondlarının bərpası ilə əlaqədar Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kampaniyaya (“Qarabağa kitabla gedirik”) Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) də qoşulub.

Universitet tərəfindən 600 nüsxədən çox kitab işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edilib. Kitablar oktyabrın 26-da Milli Kitabxanaya təqdim olunub.

UNEC-in elm üzrə prorektoru Sakit Yaqubov Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi kampaniyanın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd edib.

UNEC Kitabxana-İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva və Kataloqlaşdırma, kitabişləmə və biblioqrafiya şöbəsinin müdiri Sədaqət Əhmədli əmin olduqlarını bildiriblər ki, tezliklə toplanan bütün kitablar Qarabağda bərpa olunacaq kitabxanalara göndəriləcək və oxucular bu ədəbiyyatlardan yararlanacaqlar.