Müharibənin 32-ci günündə Azərbaycan Silahlı Qüvvələri Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının daha 13 kəndini işğaldan azad edib. Döyüş meydanında tar-mar olan işğalçı Ermənistan ordusu yenə dinc sakinləri hədəf alıb. Düşmən Bərdə şəhərinin mərkəzinə kasetli bombalarla qətliam törədib: 21 sakin şəhid olub.

 

  • Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bu barədə özünün rəsmi “Twitter” səhifəsində məlumat verib.

  • Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutması nəticəsində həlak olanların sayı 21-ə çatıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
     
  • “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək” – Prezident İlham Əliyev rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda bildirib.
     
  • Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin yerləşdiyi mövqeləri və cəbhəboyu zonaya yaxın yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb, Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, eləcə də bir ədəd “Osa” zenit raket kompleksi, üç ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, altı ədəd D-30, beş ədəd D-20 və bir ədəd D-44 topu, iki ədəd 2A36 “Qiasint-B” topu, bir ədəd 120 mm minaatan, bir ədəd “Konkurs” tank əleyhinə raket kompleksi və altı ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
     
  • Müdafiə Nazirliyi Qubadlı istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursatın videogörüntüsünü paylaşıb.
     
  • Azərbaycan Ordusunun bölmələri şəhər və rayonlarımıza atəş açan düşmənin qüvvə və vasitələrini, xeyli sayda hərbi texnikasını darmadağın edib. Bölmələrimizin dəqiq atəş zərbələrinə tab gətirə bilməyərək döyüş meydanından qaçan düşmən qüvvələri, mülki infrastrukturu və dinc əhalini atəşə tutan şəxsi heyət bölmələrimizin sərrast atəşi ilə məhv edilib.