“Bir millət – iki dövlət” şüarına uyğun olaraq birliyimiz davam edəcək
Oktyabrın 29-u Türkiyənin milli bayramı – Cümhuriyyət Günüdür. 1923-cü ilin 29 oktyabrında elan edilən Türkiyə Cümhuriyyətinin 98 yaşı tamam olur.
Prezident İlham Əliyev Cümhuriyyət Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
“Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir. Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar, layihələr qardaş ölkəmizin hərtərəfli tərəqqisinə və yüksəlişinə xidmət edir. Şübhəsiz, xalqın Sizə olan böyük inam və etimadı həyata keçirdiyiniz strateji inkişaf xəttinin uğurunu təmin edən ən mühüm amildir”, – deyə təbrikdə vurğulanır.
Qeyd olunur ki, xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir: “Hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz gündən-günə genişlənməkdə və yeni məzmunla zənginləşməkdədir.
Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynamışdır. Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq”.
Prezident əmin olduğunu bildirib ki, Azərbaycan və Türkiyə “Bir millət – iki dövlət” şüarına uyğun olaraq birliyimizin, bütün sahələrdə səmərəli və fəal əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və inkişafı üçün birgə səylərini davam etdirəcək.