Bizim xalqlarımızı ortaq köklər bağlayır və Türk Şurası çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq. Azərbaycanın rəhbərlik etdiyi Türk Şurasının dövlət başçılarının yaxın bir ayda növbəti Zirvə görüşü keçiriləcək. Biz sədrliyi Türkiyəyə ötürəcəyik. Əlbəttə, bu sammit ölkələrimizi daha da yaxınlaşdıracaq. Türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlər və əməkdaşlıq çərçivəsində həllini tələb edən məsələlər çoxdur.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri oktyabrın 28-də Qırğız Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Türk Şurasının üzvləri olan ölkələrin yaxınlaşması üçün həmişə böyük səy göstərib: “İkitərəfli münasibətlərə gəldikdə, biz əlaqələrin intensivləşəcəyinə ümid edirik. Hesab edirəm ki, mövcud potensial ötən illərdə tam həcmdə reallaşdırılmayıb. Buna görə, əlbəttə ki, iqtisadi-ticari sahəyə diqqət yetirmək lazımdır, bu sahədə əmtəə dövriyyəsini artıra bilərik. Bundan əlavə, bildiyiniz kimi, Azərbaycan ölkənin hüdudlarından kənarda fəal sərmayə qoyur. Biz Qırğızıstanda investisiya layihələrini ətraflı müzakirə edə bilərik və əlbəttə, beynəlxalq arenada qarşılıqlı dəstək ölkələrimizi həmişə yaxınlaşdırıb. Əminəm ki, biz gələcəkdə də BMT məkanında, İslam Əməkdaşlıq Təşkilatı və əlbəttə, Türk Şurası, MDB və digər təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyəcəyik”.

Prezident qeyd edib ki, İkinci Qarabağ müharibəsi dövründə biz Qırğızıstan xalqının dəstəyini hiss edirdik: “Vətəndaşlardan çoxlu müraciətlər olurdu, həmrəylik hissləri bildirilirdi, biz bunu çox yüksək qiymətləndiririk. Hazırda Azərbaycanın dağıdılmış ərazilərinin bərpası dövrüdür və biz keçmiş məcburi köçkünləri maksimum qısa müddətdə öz əzəli torpaqlarına qaytarmaq üçün fəal iş aparırıq”.

Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu vurğulayan Kayrat Osmonaliyev deyib: “Mənə epoxal əhəmiyyətli hadisələr dövründə Bakıya gəlmək şərəfi nəsib olub. Bu hadisələr nəticəsində tarixi ədalət və tarixi həqiqət zəfər çaldı. Qırğızıstan Azərbaycanın çətin günlərində həmişə bu çətinliklərə şərik olub, Azərbaycanın uğurlarına və nailiyyətlərinə sevinib”.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun salamlarını dövlətimizin başçısına çatdıran səfir bu il pandemiya dövründə Azərbaycanın ölkəsinə göstərdiyi köməyə görə təşəkkürünü bildirib. Diplomat Qırğızıstan dövlət başçısının Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət etdiyini bildirib.

Prezident İlham Əliyev salamlarını və ən xoş arzularını həmkarına çatdırmağı xahiş edib və öz növbəsində qırğızıstanlı həmkarını onun üçün münasib olan istənilən vaxtda Azərbaycana dəvət etdiyini deyib.

“Azərbaycanda vaxtınızın yaxşı keçməsini arzu edirəm. Əminəm ki, bizim ölkəmizlə yaxından tanış olacaqsınız. Bildiyimə görə, siz artıq işğaldan azad edilmiş ərazilərdə olmusunuz, lakin qarşıda hələ yeni səfərlər olacaq. Buna görə düşünürəm ki, ölkəmiz haqqında tam təsəvvürünüz olacaq və bu, işinizdə sizə kömək edəcək” deyən Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Kayrat Osmonaliyev Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin rolunu xüsusi vurğulayaraq gələn il ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının 25-ci ildönümününün, 2023-cü ildə isə diplomatik münasibətlər yaradılmasının 30 illiyinin qeyd ediləcəyini bildirib.

Qeyd edib ki, ölkələrimiz BMT, MDB, Qoşulmama Hərəkatı çərçivəsində, Türk Şurası məkanında, həmçinin mənzil-qərargahları Bakıda yerləşən TÜRKPA və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu formatında fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir: “Təəssüf ki, həqiqətən, əldən buraxılmış imkanlar dövrü olub. Bu mənada biz çox şeyin əvəzini çıxmalıyıq”.