Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində müzakirə olunub


Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Otuz ilə yaxın sürən işğal dövründə bütün yaşayış məntəqələrində sosial infrastrukturla yanaşı, tarixi-mədəni miras da dağıdılaraq talan edilib. Bu gün Azərbaycan dövləti qarşısında dayanan başlıca məsələ işğaldan azad edilmiş torpaqların bərpası, dirçəlişidir.

Bu, təkcə dövlətin deyil, xalq və cəmiyyət olaraq hamımızın, o cümlədən işgüzar dairələrin, özəl sektorun ümdə vəzifəsi olmalıdır. Ötən müddətdə bu istiqamətdə genişmiqyaslı işlərə başlanılıb. İşğaldan azad olunmuş torpaqlarda müxtəlif sahələr üzrə, o cümlədən mədəniyyət infrastrukturunun yaradılması üçün yerli və xarici investorların cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.

Oktyabrın 27-də Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti işə başlayıb. İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İCYF) təşkilatçılığı ilə keçirilən tədbirdə 20-dən çox ölkədən nümayəndələr – hökumət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, startapçılar, gənclər təşkilatları iştirak edir.

“Nizami Gəncəvi İli”ndə gerçəkləşən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sammit geniş anlamda həm də mədəniyyətin gələcəyinə konseptual baxış, iqtisadi tərəqqi ilə mədəni inkişafın ahəngdarlığını təmin etmək üçün fikir mübadiləsi platformasıdır.

Sammitin açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıdır. Biz bu sırada İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin sahibkarlarını da görmək istəyirik.

Mikayıl Cabbarov İƏT-ə üzv ölkələri ortaq mədəni və dini dəyərlərin birləşdirdiyini, ölkəmizin təşkilatda üzvlüyə böyük önəm verdiyini deyib. Bildirib ki, ötən illər ərzində təşkilat çərçivəsində Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasəti ciddi şəkildə qınanıb, ölkəmizin haqlı mövqeyini müdafiə edən qətnamələr qəbul edilib. İƏT təkcə siyasi yox, həm də müsəlman ölkələri arasında iqtisadi-ticarət, investisiya, humanitar, elmi-texniki əməkdaşlığı təşviq edir. Vurğulanıb ki, Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti təşkilata üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın, o cümlədən Qarabağ və Şərqi Zəngəzur regionlarımızın investisiya potensialının tanıdılması baxımından əlverişli platformadır.

Oktyabrın 26-da Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açıldığını vurğulayan nazir Qarabağın bərpasının böyük iqtisadi önəm kəsb etdiyini, burada geniş regional inteqrasiya imkanlarını qeyd edib. “Hökumətimiz bu bölgəyə hazırda böyük sərmayələr yatırır. İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-tranzit dəhlizlərinin imkanlarından faydalanmaq ölkəmizin inkişafına böyük təkan verəcək”, – deyə o əlavə edib.

Mikayıl Cabbarov dövlətimizin başçısı tərəfindən təsdiq edilmiş 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə əsasən, hazırda 2022-2026-cı illər üzrə ölkəmizin ortamüddətli strateji inkişaf strategiyasının hazırlandığını və gələcəkdə istehsal fəaliyyətinə, investisiya alətlərinə, turizm sahəsinə və işğaldan azad edilmiş ərazilərə yeni vergi güzəştlərinin verilməsi məsələsinə baxılacağını diqqətə çatdırıb.

Açılış mərasimində Türkiyə Prezidentinin Maliyyə Ofisinin müdiri Göksel Aşan, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Türkiyə Prezidenti yanında İnvestisiya Ofisinin rəhbəri Burak Dağlıoğlu, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Erdoğan, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönməz, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) baş katibi Mahmut Erol Kılıç, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov və İCYF-nin prezidenti Taha Ayhan çıxış ediblər. Malayziyanın sabiq Baş naziri Mahatir Mohamad isə sammit iştirakçılarına videomüraciət edib.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan çıxışında vurğulayıb ki, Azərbaycan ötən il qazandığı tarixi Qələbə ilə dünya iqtisadiyyatına təsir edəcək bir bölgəyə çevrilib: “Qarabağın turizm potensialının nə qədər yüksək olduğunu görürük. İnanıram ki, bu sammitə gələn investorlar bu potensialın üzə çıxarılmasında, İslam dünyasının da əməkdaşlıq çərçivəsində çalışmasına vasitəçi olacaq. Qarabağ Zəfəri sübut etdi ki, qardaş və dost ölkələrin bir-birlərinin yanında olması hər zaman müsbət nəticələr gətirməkdədir. Türkiyə-Azərbaycan arasındakı qarşılıqlı dəstəyin əhəmiyyətini gördük və ümid edirəm, bu birlik bütün İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında istər iqtisadiyyat, istərsə də mədəniyyət baxımından daha uğurlu olacaq”.

Bilal Ərdoğan bildirib ki, bu il, eyni zamanda Nizami Gəncəvinin 880-ci ildönümüdür. Bu, bizə bir daha təkcə Şuşanın, Gəncənin, Qarabağın deyil, bütün Azərbaycanın mədəniyyət beşiyi kimi qiymətli olduğunu xatırladır. İşğaldan azad olunmuş ərazilərdə işlərə tarixi-mədəni yerlərin bərpası ilə başlanılması bu baxımdan çox dəyərlidir.

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti sadaladığım bu üç mühüm geosiyasi reallıqlar, iqtisadi perspektivlər və mədəni xüsusiyyətlər ilə bağlı məsələləri öz gündəliyində əhatə edəcək.

Bu fikri isə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov vurğulayıb. “Xarici investisiyalar təkcə ölkəyə kapital deyil, innovativ həll yolları, texnologiyalar və yeni idarəetmə yanaşmaları gətirir. Ölkəmizdə son illərdə biznesin inkişafı, əlverişli investisiya mühitinin təmin edilməsi, dövlətin biznesə dəstək mexanizmlərinin genişləndirilməsi, eləcə də bu sahədə qabaqcıl innovativ idarəetmə mexanizmlərinin tətbiqi nəticəsində özəl sektor subyektlərinin bazası genişləndirilib və ölkənin beynəlxalq səviyyədə investisiya imici yüksəlib. Ümidvaram ki, sammit çərçivəsində yeni biznes əlaqələrinin yaradılması, investisiya imkanlarının müəyyənləşdirilməsi və iqtisadi fəaliyyət gündəliyimizin genişləndirilməsi baxımından uğurlu nəticələr əldə ediləcək”, - deyə o qeyd edib.

Sammitin ilk günü “Qarabağa investisiya qoyuluşu: perspektivlər”, “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iqtisadi və ticarət perspektivləri: çağırışlar və imkanlar” və “PostCOVİD dövründə iqtisadiyyatın bərpası üçün güclü startap ekosistemi” mövzularında panel müzakirələr təşkil olunub. Azərbaycan və İƏT ölkələrindən dövlət rəsmilərinin, iş adamlarının və startapçıların iştirakı ilə keçirilmiş panellərdə mövzu ətrafında çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İştirakçılar tərəfindən xüsusi maraqla qarşılanan “Qarabağa investisiya qoyuluşu: perspektivlər” mövzusunda paneldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin iqtisadi və investisiya potensialı, 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən dağıdılmış və talan olunmuş ərazilərimizdəki vəziyyət, hazırda Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq və bərpa işləri diqqətə çatdırılıb.

Tədbir çərçivəsində, həmçinin İƏT ölkələrindən 50 yeni startapın təqdim olunduğu sərgi açılıb. Sərgidə qida, kənd təsərrüfatı, “yaşıl” iqtisadiyyat, maliyyə texnologiyaları, onlayn tətbiqlər, ətraf mühit, yenilənən enerji, ağıllı texnologiyalar, hava nəqliyyatı, logistika və s. sahələr üzrə startap layihələri təqdim olunur. Sərginin məqsədi İƏT ölkələrindən olan gənc sahibkarların və startapların dünya miqyasında tanınmasına töhfə vermək, startap layihələrinin investorlar tərəfindən maliyyələşdirilməsinə dəstək göstərməkdir. Ümumilikdə 61 ölkədən 500 startapçı müraciət edib, onların arasından 50 startap seçilib.