Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) beynəlxalq əlaqələrini genişləndirir. Oktyabrın 28-də ATMU-da bu təhsil ocağı ilə Bakıdakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Universitetdən bildirilib ki, müqaviləni ATMU-nun rektoru İlham Mədətov və Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç imzalayıblar.

Sənədə əsasən, təhsil ocağında türk dilinin tədrisinin təşkili, eləcə də Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən turizm və təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi əsas məqsəd olaraq müəyyənləşdirilib.

Bununla yanaşı, sənəddə Türkiyənin müvafiq ali təhsil müəssisələri ilə nəzərdə tutulan ikili diplom proqramının icrasında Yunus Əmrə İnstitutu tərəfindən dəstək göstərilməsi kimi məsələlər əksini tapıb.