Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında Xalq şairi Balaş Azəroğlunun (Abizadə Balaş Allahbaxış oğlu; 1921-2011) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Bahar Bərdəli, Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru Sərvaz Hüseynoğlu, və kitabxananın əməkdaşları çıxış edərək şairin həyat və yaradıcılığı haqqında söz açıb, xalqımızın bədii söz xəzinəsinə dəyərli töhfələr verdiyini qeyd ediblər.

Bildirilib ki, Xalq şairinin 40-dan çox kitabda toplanan şeirlərinin leytmotivini Vətənə bağlılıq, milli oyanış və azadlıq uğrunda mübarizənin tərənnümü təşkil edir. B.Azəroğlu çoxcildlik “Azərbaycan ədəbiyyatı”nın müəlliflərindən biridir. O, eyni zamanda Nizami “Yeddi gözəl” poemasını, M.Füzulinin bir sıra qəzəllərini farscadan dilimizə tərcümə edib.

Şairin oğlu Etibar Abizadə atası haqqında xatirələrini bölüşüb. Balaş Azəroğlunun səsyazısı təqdim edilib.

Sonda tədbir iştirakçıları “Balaş Azəroğlu – 100” başlıqlı kitab sərgisi ilə tanış olublar.