Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq mədəniyyət müəssisələrində də tədbirlər keçirilir.

Oktyabrın 28-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Ömrünün qədrini bil” adlı növbəti tədbir təşkil edilib.

Muzeyin əməkdaşı Fatimə Nəzərova tədbiri giriş sözü ilə açaraq iştirakçılara bəşəriyyətin ən qorxulu bəlalarından biri olan narkomaniya – “ağ ölüm” və onun törətdiyi fəsadlar barədə ətraflı məlumat verib.

Bakı şəhəri Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Elçin Rəhimov, Bakı şəhəri Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin baş polis inspektoru polis polkovnik-leytenantı Kəmalə Ələkbərova və Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Fizzə Baxışova yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, onların savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində maarifləndirici mühazirə ilə çıxış ediblər.

Mövzu ilə bağlı muzey tərəfindən hazırlanmış videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri, muzey əməkdaşları iştirak ediblər.