Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü,  29 Oktyabr – Cümhuriyyət Günü təntənələri sırasında qardaş ölkənin mədəni-ictimai həyatında əlamətdar hadisə baş verib. İstanbul şəhərində Cümhuriyyətin tarixi nişanələrindən olan Atatürk Mədəniyyət Mərkəzinin (Atatürk Kültür Mərkəzi – AKM) yeni binasının möhtəşəm törənlə açılışı keçirilib.

Türkiyədə incəsənətin, mədəniyyətin nəbzinin yenidən döyünəcəyi, eyni zamanda müasir memarlıq nümunəsi olan mərkəzin açılış mərasiminə bir sıra ölkələrin rəsmiləri qatılıb. Qardaş ölkə üçün belə şanlı və qürurlu tarixdə Azərbaycan mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi heyət də İstanbula səfər edib. Nümayəndə heyəti AKM-in yeni binasının açılış mərasimində iştirak edib.

Mərasimdə çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə dövlətinin əzəmətli tarixindən, sarsılmaz qüdrətindən bəhs edib.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy mərasimə təşrif buyurmuş qonaqları salamlayaraq, AKM-in yeni binası ilə bağlı məlumat verib.

Mərasimdə daha sonra məxsusi olaraq Atatürk Mədəniyyət Mərkəzinin yeni binasının açılışı üçün yazılmış “Sinan” operasının ilk nümayişi olub. Türkiyə Prezidentinin təşəbbüsü ilə tanınmış bəstəkar Hasan Uçarsunun yazdığı opera türk mədəniyyət tarixində böyük izlər qoymuş Memar Sinanın həyatından bəhs edir.