Oktyabrın 28-də Dağıstanın Dərbənd şəhərində “Sevinc” X Respublika Azərbaycan Mədəniyyəti Festivalı keçirilib. Festival Dağıstan Respublikasının (1991-ci ilədək Dağıstan Muxtar Sovet Sosialist Respublikası – red.) yaranmasının 100 illiyinə həsr edilib. 

Tədbir Dağıstan Respublikasının Mədəniyyət Nazirliyi, Respublika Xalq Yaradıcılığı Evi, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı və S.Stalski adına Ləzgi Dövlət Musiqili Dram Teatrının təşkilatçılığı ilə reallaşıb.

Azərbaycanlıların zəngin mədəni irsi çoxmillətli Dağıstanın adət və ənənələrinə böyük təsir göstərib. Bu səbəbdən də qardaş xalqla birlikdə bayramların qeyd edilməsi ənənə halını alıb.

Festivalda Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyorları, D.Aşurov adına Dərbənd Musiqi Kollecinin pedaqoq və tələbələri, yaradıcı kollektivlər çıxış ediblər. Festivalın proqramı rəngarəngliyi ilə diqqət çəkib. Azərbaycan xalq mahnıları, milli rəqslər təqdim olunub. Dağıstanın “Kaspi” (“Xəzər”) Dövlət Rəqs Ansamblı “Uzundərə”, “Naz eləmə” və başqa rəqslərimizi ifa edib. Festivala “Mamedqala”, “Ocaq” uşaq rəqs kollektivləri də qatılıb.

Musiqi kollektivləri və ifaçıların ayrı-ayrı məkanlarda çıxışları, pandemiya şəraiti nəzərə alınaraq onlayn formatda nümayiş olunub.

“Sevinc” festivalı Dağıstan ərazisində yaşayan azərbaycanlıların adət və ənənələrini, mədəniyyətini qorumaq və təbliğ etmək məqsədilə keçirilir. Festivalın qayəsi xalqlar arasında sülhü, dostluğu möhkəmləndirmək, mədəni mübadiləni zənginləşdirməkdir.

LALƏ