Oktyabrın 29-da Dənizkənarı Milli Parkda Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə həsr olunan “Zəfər yarmarkası”nın açılışı olub.

Noyabrın 9-dək davam edəcək “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda yarmarkada müxtəlif şirkətlər tərəfindən qida məhsulları, Zəfər simvolikasına aid müxtəlif suvenirlər, kitablar və digər məhsulların satışı reallaşdırılır. Eyni zamanda, Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Buraya gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilir.

Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramlarının təşkili nəzərdə tutulur.

Tədbirin ilk günündə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Orkestrinin ifasında hərbi marşlar və vətənpərvərlik mahnıları səsləndirilib.

Qeyd edək ki, yarmarkadan əldə olunacaq vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə ediləcək.

“Zəfər yarmarka”sında Azərbaycan Ordusunun arsenalında olan bir sıra silah, texnika və pilotsuz uçuş aparatlarının (PUA) nümunələri, eləcə də müxtəlif təminat növləri nümayiş etdirilməsi xüsusilə böyük maraq doğurur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunur.

Yarmarkada həyata keçirilən “Əsgərə məktub” layihəsi də buraya gələnlər tərəfindən maraqla qarşılanıb. Onlar həvəslə Vətən keşiyində duran Azərbaycan əsgərinə sevgi dolu məktublar yazıblar.

Yarmarka “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Formula1 Azərbaycan), "ABAD" Publik Hüquqi Şəxs, Azərbaycan Dövlət Reklam Agentliyi, "Azərişıq" ASC, "ASAN Könüllüləri" və digər qurum və şirkətlərin dəstəyi ilə təşkil olunub.