Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın hazırladığı “Qarabağ” milli geyim kolleksiyasının təqdimatı keçirilib. Oktyabrın 29-da təşkil edilən tədbirdə rəsmilər, Azərbaycanda akkreditə olunmuş diplomatlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Günay Əfəndiyeva qonaqları salamlayaraq bildirib ki, tədbir əlamətdar günə – qardaş Türkiyənin Zəfər bayramına təsadüf edir. O, milli bayram münasibətilə tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcının simasında Türkiyə xalqını təbrik edib.

Kolleksiyada nümayiş etdirilən milli geyimlərin mədəniyyətimizdə xüsusi yeri olduğunu vurğulayan Günay Əfəndiyeva deyib: “Bu kolleksiya bir tarixdir, çünki özündə Qarabağın 12 tarixi şəhərini birləşdirir. Kolleksiyanın hər bir geyimi Qarabağın bir bölgəsini təcəssüm etdirir və sanki həmin bölgənin canlı obrazını yaradır. Təqdim olunan kolleksiya Azərbaycan xalqının yaddaşından silinməyən bir izdir, Türk dünyasının ən qədim yazılı abidələrindən biri olan “Kitabi-Dədə Qorqud” dastanından başlayaraq, yüzilliklər ərzində formalaşan milli adət-ənənələrin bərpası, mənəvi dəyərlərin yaşadılması, muğamların oxunması, qəzəllərin, rübailərin səslənməsidir”.

Qeyd edilib ki, o zamanlar Ağabəyim ağa, Xurşudbanu Natəvan kimi Qarabağın ziyalı qadınları gözəl ornamentlərlə, naxışlarla, xüsusi elementlərlə bəzədilmiş, xalq yaradıcılığının bədii xüsusiyyətlərini özündə əks etdirən libaslardan istifadə etmişlər. “Bu kolleksiya Qarabağın qayıdışına, bu unudulmaz hissləri bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza, şəhid və qazilərimizə bir ithafdır”, - deyə Günay Əfəndiyeva vurğulayıb.

Təqdimatda çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, kolleksiyanın tarixi bir gündə təqdim edilməsi rəmzi məna daşıyır: “Bir il bundan öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uzun illər işğal altında qalan torpaqları azad edərək Qarabağın tarixində yeni bir səhifə açıb. İndi Şuşa və Qarabağın digər rayonlarında quruculuq işləri aparılır, genişmiqyaslı layihələr həyata keçirilir. Uzun illər düşmən vandalizminə məruz qalan ərazilərin bərpası ilə yanaşı mədəni tədbirlər də keçirilir”.

Qarabağın zəngin mədəni irsində geyimlərin xüsusi yeri olduğunu deyən Sevda Məmmədəliyeva qeyd edib ki, geyimlər hər bir xalqın mədəniyyəti ilə sıx bağlıdır. Geyimlərdə xalqın adət-ənənələri, dünyagörüşü, yaradıcılığı, milli təfəkkürü öz təsdiqini tapır. Azərbaycanın qədim libasları, kəlağayılar əlvan rənglərlə seçilib. Bu geyimlər Azərbaycan xalqının qiymətli xəzinəsi, əsrlərdən qalan sərvətidir. Nazir müavini Gülnarə Xəlilovaya “Qarabağ” kolleksiyasını hazırladığı üçün təşəkkür edib və yaradıcılıq işində uğurlar arzulayıb.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova kolleksiya haqqında məlumat verib: “Apardığımız müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanın milli geyimində Qarabağ libasları xüsusi yer tutur. Qarabağın geyim mədəniyyəti bizim milli-mənəvi və maddi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir”.  Modelyer-dizayner bildirib ki, “Qarabağ” kolleksiyasının tarixi Zəfər Günü ərəfəsində təqdim edilməsində məqsəd Azərbaycanın, ümumilikdə bütün Türk dünyasının ayrılmaz parçası olan Qarabağın çoxəsrlik geyim mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır.

Sonra “Qarabağ” geyim kolleksiyası nümayiş olunub.