Müharibənin 35-ci günündə döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən işğalçı Ermənistan ordusunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, üç ədəd piyada döyüş maşını, iki ədəd “Smerç” və iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 12 ədəd müxtəlif tipli topu, bir ədəd “Osa” zenit raket kompleksi, bir ədəd radioelektron mübarizə stansiyası, iki ədəd avtomobil texnikası sıradan çıxarılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına müsahibə verib.

Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab zərbələri endirilib. Ermənistan ordusunun döyüş texnikası və xeyli sayda canlı qüvvəsi, kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb.

Ermənistan ordusu cəbhə xəttindən kənarda yaşayış məntəqələrini hədəf almaqda davam edib. Sentyabrın 27-dən oktyabrın 31-i saat 13:00-dək 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb, 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.