Bu il XX əsr Azərbaycan təsviri sənətinin inkişafına layiqli töhfələr vermiş görkəmli fırça ustası, Xalq rəssamı Böyükağa Mirzəzadənin (1921-2007) anadan olmasının 100 illiyi qeyd edilir.

Noyabrın 3-ü sənətkarın anım günündə Muzey Mərkəzində tədbir keçiriləcək. Xatirə tədbiri Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq.

Böyükağa Mirzəzadə çoxsaylı dəzgah rəngkarlığı, qrafika, səhnəqrafiya əsərlərinin müəllifi olub. Onun yaradıcılığında Avropa rəngkarlığı və Azərbaycan milli təsviri sənətinin ənənələri aydın təzahür edir. Fırça ustası Azərbaycan təbiət mənzərələrini, ölkəmizin mədəniyyətinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləyib, teatr-dekorasiya sənəti sahəsində də böyük nailiyyətlər əldə edib.