Abdulla Şaiqin Mənzil-Muzeyində II Qarabağ müharibəsinin ildönümü – Zəfər Günü münasibətilə “Qələbəmizi yaşadanlar” adlı tədbir keçirilib. Oktyabrın 30-da gerçəkləşən tədbirin məqsədi igid Vətən oğullarının keçdiyi Zəfər yolunu gənc nəslə təbliğ etməkdir.

Tədbirdə Vətən müharibəsi veteranları, onların ailə üzvləri, şəhid ailələrinin üzvləri, Mədəniyyət Nazirliyinin Muzeylər və daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı, kitabxana və muzey əməkdaşları, musiqiçilər, məktəblilər, KİV nümayəndələri iştirak ediblər.

Dövlət Himnimiz səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Muzeyin direktoru Ülkər Talıbzadə çıxış edərək bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük Qələbəyə nail oldu, 30 ilə yaxın erməni faşizminin əsarətində olan torpaqlarımızı azad etdi. Bu şərəfli missiyanın yerinə yetirilməsi, tarixi Qələbə Azərbaycanın qüdrətli dövlət olması, güclü iqtisadiyyata, yenilməz orduya malik olması, ən əsası xalqımızın İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi: “Cənab Prezidentimiz bəyan edib ki, biz işğaldan azad etdiyimiz əraziləri cənnətə çevirəcəyik. Həmin torpaqlar ölkəmizin ən gözəl, sosial-iqtisadi cəhətdən inkişaf etmiş, ən çox ziyarət edilən guşələrinə çevriləcək. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız o doğma yurd yerlərində firavan yaşayacaq”.

Mədəniyyət Nazirliyi Muzeylər və daşınan mədəni irs sektorunun müdiri Altun Mikayıllı işğalçı ölkə üzərində şanlı Qələbə qazandığımız Vətən müharibəsinin Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıdığını bildirib.

II Qarabağ müharibəsinin iştirakçısı, baş leytenant Vüqar Muxtarov, tarix üzrə elmlər doktoru Minaxanım Əsədova və yazıçı-jurnalist Zərəngiz Mansurova çıxışlarında Ordumuzun şücaəti və Qələbəmiz haqqında söz açıblar.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı Yusif Cəfərbəyli II Qarabağ müharibəsində dillərdə dastana dönən “Xudayar təsnifi”ni ifa edib. Məktəblilərin ifasında şeirlər söylənilib, həmçinin Zəfər bayramı münasibətilə hazırlanmış slayd-şou nümayiş olunub.

Sonda müharibə veteranlarına muzeyin xatirə hədiyyələri təqdim edilib.