Latviyanın ölkəmizdəki səfirliyi tərəfindən Azərbaycan Milli Kitabxanasına kitablar hədiyyə edib. Noyabrın 2-də kitabxananın beynəlxalq əməkdaşlıq zalında kitabların təqdimetmə mərasimi keçirilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara kitabxana haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Milli Kitabxanası Latviya Milli Kitabxanası ilə əməkdaşlıq çərçivəsində sərgilərin təşkili, kitab və resurs mübadiləsi və s. həyata keçirir.

K.Tahirov qeyd edib ki, 2019-cu ildə Milli Kitabxanada beynəlxalq əməkdaşlıq zalının açılışı olub. Zal yaradılarkən burada Latviya da daxil olmaqla 13 ölkə ilə bağlı guşələr vardı. Hazırda zalda 16 ölkəyə aid daimi guşə var. Səfirlikdən hədiyyə edilən kitablar Latviya daimi guşəsində və xarici ədəbiyyat kolleksiyasında yer alacaq.

Latviyanın Azərbaycandakı səfirinin müavini xanım Viya Buşa çıxış edərək iki ölkə arasında əlaqələrin əhəmiyyətindən, eləcə də mədəniyyət sahəsində əməkdaşlıqdan danışıb. O, Latviya və Azərbaycan milli kitabxanaları arasında birgə layihələrin həyata keçirilməsindən məmnunluğunu bildirib: “Təqdim edilən kitablar Latviya Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Kitabxanasına hədiyyəsidir. İnanıram ki, bu kitablar mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək”.

Xanım diplomat ölkəsinə dair bir neçə kitabı K.Tahirova təqdim edib. Direktor da öz növbəsində “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Salam Azerbaijan” və “Karabakh” kitablarını qonaqlara hədiyyə verib.

Sonda Milli Kitabxanaya hədiyyə edilən kitablarla tanışlıq olub.