Meksikadakı ənənəvi tədbirdə ölkəmizin səfirliyi də iştirak edib

 

Latın Amerikası ölkələrində ölənlərin anılması mərasimləri milli mədəni irsin mühüm bir hissəsini təşkil edir. Meksikada da ənənəvi olaraq vəfat etmiş insanları yad etmək üçün “Ölülər Günü” qeyd edilir.

Bu münasibətlə bu il paytaxt Mexikonun Migel İdalqo Bələdiyyəsi ərazisində yerləşən bir sıra səfirliklərin iştirakı ilə “Qadınlara həsr olunan xatirə guşələri” adlı tədbirlər keçirilib. Tədbirlərdə Azərbaycan Səfirliyi də iştirak edib.

Səfirlik ərazisində qədim Meksika ənənələrinə uyğun olaraq yaradılmış xatirə guşəsi Azərbaycanın görkəmli şairəsi Xurşudbanu Natəvan, 44 günlük Vətən müharibəsinin xanım şəhidi Arəstə Baxışova və Ermənistan ordusunun Gəncə şəhərinə raket hücumları zamanı həlak olmuş azyaşlı Narin Xalıqovaya həsr olunub. Onların şəkillərinin yer aldığı xatirə guşəsi həm Azərbaycan, həm də Meksika mədəniyyətinə xas özəllikləri özündə ehtiva edib. Guşədə “Ölülər Günü” ilə bağlı yerli Meksika adətləri ilə yanaşı, xalqımıza məxsus milli ornamentlərdən istifadə olunub, habelə qonaqlara milli mərasim adətinə uyğun olaraq halva paylanılıb.

Guşəni ziyarət edən Mexiko şəhər hökumətinin rəsmilərinə, yerli sakinlərə, qonaqlara, həmçinin  milli anım adətlərimiz, mədəni irsimiz barədə məlumat verilib, bu xüsusda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinin qeyd edildiyi diqqətə çatdırılıb.