Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi münasibətilə keçirilən “Jazzery Voices” layihəsi çərçivəsində Tbilisi Dövlət Universitetinin Estrada-caz fakültəsinin müəllimi, musiqişünas, fəlsəfə doktoru İrina Ebralidze “Caz standartları üzərində çalışmanın əsasları” mövzusunda ustad dərsi keçib.
BMA-nın Q.Qarayev adına konfrans zalında keçirilən ustad dərsində Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və başqa tədris müəssisələrinin tələbələri də iştirak ediblər.
Əvvəlcə BMA-nın dosenti Turan Məmmədəliyeva iştirakçılara “Jazzery Voices” layihəsi və İrina Ebralidze haqqında məlumat verib.
Sonra İrina Ebralidze beynəlxalq festivallar laureatı Əfqan Rəsulun müşayiəti ilə Milli Konservatoriyanın populyar musiqi və caz ifaçılığı ixtisası üzrə II kurs tələbələri Babək Quliyev və Aynel Mehdiyeva, Sumqayıt Musiqi Kollecinin skripka ixtisası üzrə məzunu, 2018-2019-cu illərdə Bakı Caz Festivalı çərçivəsində müsabiqənin diplomantı, 2021-ci ildə eyni müsabiqənin 3-cüsü olmuş Əsmər Nəcəfovanın ifalarını dinləyib.
İrina Ebralidze hər ifadakı xırda nöqsanları diqqətə çatdırıb, ifaçılara məsləhətlərini verib. Mütəxəssis parlaq müşayiətinə görə Əfqan Rəsula da minnətdarlığını bildirib.