Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Vətən müharibəsi şəhidi Ramil Yusifzadəyə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, müəllimləri, komandiri, sinif yoldaşları və dostları iştirak edib.

Dövlət himnimiz səsləndirildikdən sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

MKS-nin şöbə müdiri N.Abdulovanın açılış nitqindən sonra söz şəhidin anası Reyhan Yusifzadəyə verilib. Reyhan xanım oğlu ilə bağlı xatirələrini bölüşüb. Şəhidin komandiri olmuş A.Quliyev vətənpərvərlik ruhunun aşılanmasında belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Daha sonra Mərkəzi Kitabxananın Metodika-biblioqrafiya şöbəsinin müdiri A.Nağıyevanın hazırladığı slayd nümayiş etdirilib.

Şəhidin müəllimləri – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, futbol üzrə Əməkdar məşqçi Gəray Qarayev və baş müəllim Rəşad Babayev çıxışlarında şəhidin tələbəlik həyatından danışıblar.

Anım tədbirində qonaq qismində iştirak edən şəhid Nahid Məmmədovun anası Səadət Məmmədova mərasimin təşkilatçılarına minnətdarlığını bildirib. Sonda 24 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi Elşad Nəcəfovun ifasında "Qarabağ" mahnısı səsləndirilib.