Sumqayıt RMİ Abşeron rayon Mədəniyyət Mərkəzində “Natiq” ritm qrupunun ustad dərsləri keçirilib. Mərkəzdə həmçinin ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan “Sazım mənim, sözüm mənim” adlı müsabiqə ilə əlaqədar dəyirmi masa təşkil edilib.

İsmayıllı RMİ Qəbələ rayon Mədəniyyət Mərkəzində “Zəfər salnaməsi” başlığı altında hərbi-vətənpərvərlik mövzusunda bədii-qiraət müsabiqəsi keçirilib.

Gəncə RMİ Gəncə şəhər MKS-nin oxu zalında Əməkdar mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradovun “Gözün aydın, Qarabağım” poeması əsasında M.Ə.Sabir adına 5 saylı tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. Gəncə şəhər Z.Qayıbov adına 5 nömrəli Uşaq musiqi məktəbində Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə musiqili ədəbi-bədii gecə keçirilib. Şəhər 4 nömrəli Uşaq musiqi məktəbi Nəzəriyyə şöbəsi tərəfindən “Nizami poeziyası” mövzusunda tədbir keçirilib.

Sabirabad Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə çəkilmiş “Qarabağ Azərbaycandır!” qısametrajlı filminin təqdimatı olub. Regional idarənin rəisi Fərid Qurbanzadə Vətən müharibəsinə həsr olunmuş filmlərin şanlı tariximizin təbliğ olunmasında, gənc nəslin vətənpərvər ruhda yetişməsində əhəmiyyətini vurğulayıb. Filmin rejissoru Elşən İsmayıl ekran əsəri haqqında məlumat verib, göstərdiyi dəstəyə görə regional idarəyə minnətdarlığını bildirib.

Şəki RMİ Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbində Vətən müharibəsinə həsr olunmuş “Biz qayıtmışıq” adlı tədbir keçirilib. Tədbirdə vətənpərvər ruhlu musiqi nömrələri ifa edilib. Qax rayon Qum kənd Sənətkarlıq evi və kənd kitabxanasının birgə təşkilatçılığı ilə “Qarabağı necə görürəm?” mövzusunda tədbir keçirilib. Oğuz rayon Yaqublu kənd kitabxanasında “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.

Ağcabədi RMİ Ağdam rayon Xan Şuşinski adına Uşaq muğam musiqi məktəbi Xalq çalğı alətləri şöbəsinin şagirdləri Sehun Əhmədzadə və Nihad Vəliyev Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası, Azərbaycan İncəsənət və Mədəniyyət Birliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Payız əfsanələri — 2021” incəsənət müsabiqəsində laureat və III yerə layiq görülüblər. Ağdam Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) “Tarixin səhifələri” adlı tədbir keçirilib.

Biləsuvar RMİ Salyan rayon Mərkəzi Kitabxanasında “100 sual – 100 cavab” intellektual müsabiqəsi keçirilib. Müsabiqədə Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının kitabxanaçıları iştirak ediblər.

Ağstafa RMİ Aşıq Əkbər Cəfərov adına Tovuz rayon Mədəniyyət Mərkəzi və Aşıq Əsəd Rzayev adına Tovuz şəhər Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Zəfərin mübarək, Azərbaycan!” adlı konsert təşkil olunub. Ağstafa Dövlət Rəsm Qalereyasının əməkdaşları Ağstafa şəhər 1 saylı uşaq bağçasında “Xarıbülbül – 44” başlıqlı rəsm sərgisi təşkil ediblər.

Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Mütəfəkkir şair Nizami Gəncəvi irsinin təbliği” mövzusunda tədbir keçirilib. Masallı Tarix-Diyarşünaslıq Muzeyinə şəhər 5, Ərkivan qəsəbə 2, 4 saylı və Güllütəpə kənd ümumtəhsil məktəblərinin müəllim və şagirdləri üçün ekskursiya təşkil olunub.

NURƏDDİN