Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Əvvəlcə İctimai Şuranın sədri Gəray Əlibəyov görülən işlər barədə məlumat verib. İclasda monitorinq qrupunun yaradılması, rəssamlıq, heykəltəraşlıq, ədəbiyyat, teatr, kino, mədəniyyət və incəsənətin digər sahələri ilə bağlı qrupun fəaliyyətinin təşkili ilə fikir və təkliflər səslənib.

Səsləndirilən təkliflərlə bağlı qeyd olunub ki, monitorinq qrupu yaradıldıqdan sonra insanlar arasında sorğu keçirilməli, onların fikirləri qeydə alınmalıdır. Monitorinq qrupu fəaliyyətini keçirilən sorğunun nəticələrinə uyğun qurmalıdır. İclasda özəl teatrların festivalının keçirilməsi bir daha gündəmə gətirilib.

İclasın yekununda İctimai Şuranın teatr, kino, fondlar, nəşriyyat və kitab işi, incəsənət sahəsi, beynəlxalq əməkdaşlıq, habelə muzey işi və mədəni sərvətlər üzrə işçi qrupları yaradılıb.

Sonra İctimai Şuraya ünvanlanan məktublar müzakirə edilib, müraciətlər Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələrinə çatdırılmaq üçün nazirliyin nümayəndəsinə təqdim olunub.