Qurum yaradıcı məhsul və xidmətlərin istehsalı, tanıtımı və ixracını təşviq edəcək

 

Yaradıcı və mədəniyyət sənayeləri (YMS) dünya iqtisadiyyatında dinamik inkişaf edən sahələrdən biri olmaqla, iqtisadiyyat, mədəniyyət, yaradıcı texnologiya və innovasiyaları birləşdirən sənaye növüdür. YMS-lər ədəbiyyat və nəşriyyat, dizayn, musiqi və teatr, memarlıq və moda sənəti, sənətkarlıq və təsviri sənət, film, audiovizual – video və foto sənəti, reklam, TV və radio yayımı, oyunlar və yaradıcı texnologiya sahələrindən ibarətdir və bu sahələr üzrə biznesin inkişafını nəzərdə tutur.

Mədəniyyət Nazirliyi 2019-cu ildən etibarən “Kreativ Azərbaycan” platforması (https://creative.az) vasitəsilə YMS-lərin inkişafı üçün zəruri münbit ekosistemi dəstəkləməklə sahə üzrə maarifləndirmə və təbliğat fəaliyyətlərini, startap müsabiqələri və tədbirlər həyata keçirib, yaradıcı sənayelər sahəsində ictimai təşkilatlanmanı təşviq edib.

BMT tərəfindən elan edilmiş “Dayanıqlı İnkişaf üçün Yaradıcı İqtisadiyyat Beynəlxalq İli”ndə ölkəmizdə də bu sahədə mühüm bir təşəbbüs gerçəkləşib. Yaradıcı sənayelərin inkişafı sahəsində koordinasiyanın həyata keçirilməsi, bu sahədə beynəlxalq və yerli layihələrin idarə olunması, yaradıcılıq sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatlarla aidiyyəti dövlət qurumları və biznes tərəfdaşlarını əlaqələndirəcək Azərbaycan Yaradıcı Sənayelər Federasiyası təsis olunub.

Mədəniyyət Nazirliyi bu təşəbbüsü təqdirəlayiq hadisə kimi qiymətləndirir və yeni yaranan quruma fəaliyyət istiqamətində dəstək göstərəcəyini bildirir.

Nazirlik eyni zamanda yaradıcılıq sahəsində fəaliyyət göstərən fərdlər, şirkətlər və ictimai təşkilatları federasiyaya qoşulmağa və ölkəmizdə “Kreativ Azərbaycan” brendi altında həm yaradıcılıq və mədəniyyət iqtisadiyyatının inkişafına, eləcə də bu sahədə dünyada tanınmasına töhfə verməyə dəvət edir.

Qeyd edək ki, yeni yaradılan Azərbaycan Yaradıcı Sənayelər Federasiyası İdarə heyətinin sədri Vasif Eyvazzadə “Kreativ Azərbaycan” portalında qurumun əsas məqsəd və vəzifələrini diqqətə çatdırıb. Federasiya Azərbaycanda YMS-lərin inkis­̧afı üçün zəruri münbit ekosistemi dəstəkləməklə sahə üzrə maarifləndirmə və təbliğat fəaliyyətlərini həyata keçirəcək, yaradıcı məhsullar və xidmətlərin istehsalı, tanıtımı və ixracını təşviq edəcək. Qurum həmçinin yaradıcı sənayelər sahəsində ictimai təşkilatlanmanı dəstəkləyəcək, eyni zamanda “Kreativ Azərbaycan” (creative.az) və bu çərçivədə müxtəlif hərəkatları idarə edəcək. Federasiyaya üzvlük və fəaliyyətlərində iştirak barədə əlavə məlumat təqdim ediləcək.