Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər Günü ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

44 günlük Vətən müharibəsinin həlledici mərhələsi, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının diqqətçəkici məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanı işğaldan azad edən qəhrəman xüsusi təyinatlılarımızın döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

“Şuşa, sən azadsan!” filminin rejissoru Cavidan Şərifov, prodüserləri Nazim Hüseynov və Orman Əliyevdir.

Zəfər Günü ərəfəsində nümayiş olunacaq “Biz” sənədli filmi müharibə dövründə sosial şəbəkələrdə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri onların şahidləri – əsgərlər, həkimlər, jurnalistlər danışırlar və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” tərəfindən istehsal olunmuş “Biz” sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri Fariz Əhmədovdur.