Prezident və birinci xanım İsmayıllı və Şamaxı rayonlarında səfərdə olublar

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də İsmayıllı və Şamaxı rayonlarında səfərdə olublar.

Əvvəlcə İsmayıllı rayonuna gələn dövlətimizin başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayonda görülən abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayıllıya səfər çərçivəsində Lahıc qəsəbəsində olublar.

Dövlətimizin başçısı və birinci xanım qədim tarixi və mədəni irsi ilə tanınan, müxtəlif el sənəti növlərinin yaşadıldığı qəsəbəni gəzib, sakinlərlə söhbət edib, yerli sənətkarların dükanlarına baş çəkib, onların fəaliyyəti ilə maraqlanıblar.

Sakinlərlə xatirə şəkilləri çəkdirilib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Lahıcdakı Bədöyün məscidində aparılan bərpa-təmir işləri ilə tanış olublar.

2019-cu ildə Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində səfərdə olarkən sakinlər Bədöyün məscidinin təmiri ilə bağlı müraciət etmişdilər. Mehriban Əliyeva məsciddəki vəziyyətlə tanış olmuş və burada əsaslı təmir işlərinin aparılması barədə tapşırıq vermişdi.

Prezidentin köməkçisi Anar Ələkbərov məlumat verib ki, 1791-ci ildə inşa edilən Bədöyün məscidində və ətraf ərazilərdə Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa-təmir işləri aparılıb. Məscid orijinal formasına uyğun bərpa edilib, məscidin minarəsi yenidən qurulub.

Qeyd edək ki, turistlərin hər zaman böyük maraq göstərdiyi Lahıcda küçə döşəmələri, bulaqlar və eyvanların tarixi görünüşü də bərpa edilir, ərazidə oturacaqlar, tullantı qabları, gül dibçəkləri, tarixi quruluşlu işıq dirəkləri, küçə və abidə adları olan, eyni zamanda turistik obyektləri göstərən lövhələr quraşdırılır.

Hazırda dövlət başçısının tapşırığına əsasən, İsmayıllı rayonunun qədim sənət mərkəzi, məşhur kəlağayıların hazırlandığı Basqal qəsəbəsinin də turistik imkanlarının artırılması üçün işlər davam edir.

Prezident İlham Əliyev İsmayıllı rayonunda başlanğıcını Muğanlı-İsmayıllı yolunun 17-ci kilometrliyindən götürən Basqal-Sulut avtomobil yolunun açılışında da iştirak edib.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib ki, 30,1 kilometr uzunluğunda yol 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Yol üzərində 4 körpü tikilib.

Prezident və birinci xanım İsmayıllı şəhərində Uşaq və Ailələrə Dəstək Mərkəzinin yeni binasının açılışında da iştirak edib, həmçinin Natiq Behdiyev adına 6 saylı tam orta məktəbin yeni binası ilə tanış olublar.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha sonra Şamaxı rayonuna gəliblər. Dövlətimizin başçısı və birinci xanım ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxı şəhərində Gənclər parkında görülmüş işlərlə tanış olublar.

Park ölkə başçısı tərəfindən 2020-ci ilin “Könüllülər İli” elan edilməsi çərçivəsində “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü ilə yaradılıb.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına və birinci xanıma rayonda həyata keçirilən layihələr barədə məlumat verib. Qeyd olunub ki, 2019-cu ildə Şamaxıda baş verən zəlzələdən sonra 4 minə yaxın ev yenilənib və bu layihə davam edir. Şamaxı Mədəniyyət Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulub. Turizm rayonunda nəqliyyatın təhlükəsiz hərəkəti ən vacib məsələdir. Bununla bağlı hazırda dairəvi yol ötürücüləri inşa olunmaqdadır.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid Samir Kaçayevin valideynləri ilə görüşüblər.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, istedadlı gənc heykəltəraş  Samir Kaçayev 2016-cı ilin Aprel döyüşlərində şəhid olub.

Şamaxıda böyüyüb başa çatmış heykəltəraşın “Küləklə sovrulanlar” adlı kompozisiyası birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində Şamaxı şəhərində qoyulub. Bildirilib ki, bu, şəhidin valideynləri, həmçinin rayon sakinləri üçün böyük hədiyyə, rayona gələn qonaqların da diqqətini çəkən bir əsərdir.

Prezident İlham Əliyev Samir Kaçayev kimi vətənpərvər övlad böyütdüklərinə görə şəhidin valideynlərinə təşəkkür edib: “O, Aprel döyüşləri zamanı həlak olmuşdur. Biz düşməndən onun və bütün digər şəhidlərimizin qanını aldıq. Torpaqlarımızı geri qaytardıq, böyük Zəfər əldə etdik və Aprel döyüşlərinin bu Zəfərdə də öz rolu var, öz payı var. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu da onun xatirəsinə özü tərəfindən yaradılmış bir əbədi abidə olacaq”.

Prezident və birinci xanım Samir Kaçayevin valideynləri ilə abidə fonunda şəkil çəkdiriblər.

***

Prezident İlham Əliyev və birinci xanım Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər.

Mərkəzin ikimərtəbəli binasında müxtəlif sənət növləri üzrə emalatxanalar yaradılıb. Burada toxuculuq, dulusçuluq, keçə sənəti, naxışvurma, keramika avadanlıqları, xalçaçılıq, heykəltəraşlıq, rəsm, rəngkarlıq üzrə emalatxanalar fəaliyyət göstərəcək. Mərkəzdə satış-sərgi salonu da yaradılıb.

Dövlət başçısı və birinci xanımın iştirakı ilə Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksinin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

Pirsaat çayının sahilində yerləşən Pirsaat Baba ziyarətgahı əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biridir. 2019-cu ildə Şamaxıda baş verən zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına başlanılıb. Həmin il mayın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ziyarətgahın yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar. Mütəxəssislərin iştirakı ilə həyata keçirilən işlər nəticəsində tarixi abidə və müqəddəs ziyarətgah-məscid kompleksi qısa müddətdə yenidən qurulub. Məsciddə ibadət zalı ilə yanaşı, mərasim zalları da inşa olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində dini ziyarətgahlarımız və dini məbədlərimiz yenidən qurulur. Bu sahəyə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir, istər ölkəmizdə, istərsə də xaricdə dini abidələrin bərpası üzrə layihələr reallaşdırır. Bunlardan biri də Şamaxı şəhərinin girəcəyində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında yerləşən Pirsaat Baba ziyarətgahıdır.

Onu da deyək ki, Orta əsrlərə aid bu ziyarətgah müxtəlif zamanlarda dağıntıya məruz qalıb, 1918-ci ildə Hacı Cəfərqulu adlı xeyirxah şəxs tərəfindən türbə şəklinə salınıb. Ziyarətgah sovetlər dövründə dağıdılsa da, müstəqilliyimizin bərpasından sonra 1993-cü ildə yenidən inşa edilib, lakin zəlzələ nəticəsində dini ocağa zərər dəymişdi. Ötən ildən başlayaraq həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri nəticəsində artıq dini ibadətgah yenidən əhalinin ixtiyarına verilir.

***

Dövlət başçısı və birinci xanım Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov məlumat verib ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsinə imkan verir.

Prezident və birinci xanımın səfəri zamanı Şamaxı şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının, akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının, “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin, Şamaxı Üzüm Tingçilik Mərkəzinin açılışı da olub.