İnsan qəlbinin ən böyük nəğməsi Vətəndir. Əbəs yerə deyilməyib ki, Ana kimi yar olmaz, Vətən kimi diyar. Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan nəslidir. Uşaqlarda erkən yaşlardan sənət zövqü ilə yanaşı Vətənə, torpağa, el-obaya sevgi, məhəbbət hissini aşılamaq məqsədi ilə Azərbaycan Milli İncəsənət Muzeyində müxtəlif tədbirlər həyata keçirilir.

Milli İncəsənət Muzeyi Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən 8 Noyabr – Zəfər Günü münasibətlə balaca vətənpərvərlər “Zəfərin mübarəkdir, ey Vətən!” adlı yeni proqram təqdim edir.

Tədbirin əsas qayəsi məktəblilərə ölkənin tarixini, müstəqilliyini, suverenliyini təbliğ etmək, gələcək nəsillərə vətənimizin keşiyində layiqincə durmağa, müstəqil dövlətimizin qədrini bilməyə səsləməkdir.

Balacalar seçimdən asılı olaraq Azərbaycanın siyasi-inzibati xəritəsini “Puzzle-panno” şəklində və ya Azərbaycan Silahlı Qüvvələrinin simvollarından ibarət kompozisiyanı quaş boyalarla rəngləyəcəklər. Uşaqlar, həmçinin Zəfər Günü münasibətlə muzeydə açılan “Mədəniyyətimizin incisi – Qarabağ” adlı tematik sərgi ilə tanış olacaq, xalqımızın keçmişinə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.

Milli İncəsənət Muzeyi uşaqları “Zəfərin mübarəkdir, ey Vətən!” adlı tədbirə qoşulmağa dəvət edir. İştirak üçün öncədən qeydiyyatdan keçmək xahiş olunur.

Əlaqə telefonu: (+994 12) 492 07 07