Noyabrın 5-də Xətai Sənət Mərkəzində Vətən müharibəsində Zəfərin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı sərginin açılışı keçiriləcək.

Sərgi Mədəniyyət Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Sərginin keçirilməsi ilə bağlı verilmiş elana uyğun olaraq 156 müəllif tərəfindən elektron variantda 200-dən çox əsər təqdim olunub. Xalq rəssamı Ağaəli İbrahimov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosentlər Samir Sadıqov, Sübhan Məmmədov və "Bakı" Rəsm Qalereyasının direktoru Eldəniz Babayevin münsifliyi ilə 39 müəllifin 45 əsəri sərgidə nümayiş olunmaq üçün seçilib. Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcək.

Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərlər də yer alacaq.

“Qələbə hünəri” sərgisi noyabrın 12-dək ziyarətçilər üçün açıq olacaq.