Noyabrın 1-də start verilən “4.4 Qısa Tamaşalar Festivalı”nın (QTF) son iki nümayiş günündə (3 –4 noyabr) ümumilikdə 12 tamaşa təqdim olunub.

Üçüncü gün festivalın art direktoru Emin Əliyevin giriş sözü ilə başlayıb. O, münsiflərə və festival iştirakçılarına öz təşəkkürünü bildirərək, üçüncü günün proqramı haqqında məlumat verib. Sonra festivalın ikinci gününün qısa icmalını özündə əks etdirən videoçarx nümayiş olunub.

Festivalın 3-cü günündə Gəncə Dövlət Dram Teatrının “Şuşa, sən azadsan” (müəllifi Həsən Cəfərov, rejissoru Elşad Əhmədov), “ Bir Səhnə” özəl teatrının “Biz böyüdük” (müəllifi Xəqani Əliyev, rejissoru Şəhriyar Camalbəyli), Şamaxı Mədəniyyət Mərkəzinin “Savaş” (müəllifi və rejissoru Əbdül Məcidili), Şəki Dövlət Dram Teatrının “Xain” (müəllifi və rejissoru Orxan Həmidli), Lənkəran Dövlət Dram Teatrının “Sonuncu görüş” (müəllifi və rejissoru Tərlan Abdullayev), Qusar Dövlət Ləzgi Dram Teatrının “Xarı Bülbül” (müəllifi Ramiz Duyğun, rejissoru Faiq Qardaşov) tamaşaları videoformatda nümayiş olunub.

Sonra münsiflər və tamaşaların yaradıcı heyətinin iştirakı ilə müzakirə aparılıb. Daha sonra münsiflər – Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilovun (sədr), Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadənin və Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin iştirakı ilə “Müharibə və teatr” mövzusunda panel-müzakirə keçirilib.

Festivalın son nümayiş gününün proqramında da 6 tamaşa yer alıb. Noyabrın 4-də “Son nəfəsə qədər” (Bakı Uşaq və Gənclər Teatrı, müəllif və rejissor Könül Şahbazova), “Ana” (Lənkəran Dövlət Dram Teatrı, müəllif və rejissor Oruc Qurbanov), “Döyüşən tar” (müstəqil layihə, müəllif və rejissor Cavid İmamverdiyev), “Bazar günü” (Mingəçevir Dövlət Dram Teatrı, müəllif Ülviyyə Heydərova, rejissor İlqar Rəhimov), “Xarıbülbül əfsanəsi” (Gəncə Dövlət Kukla Teatrı, müəllif və rejissor Zülfiyə Əliyeva) və “Qonşu” (ƏSA teatrı, müəllif və rejissor Nihad Qulamzadə) tamaşaları təqdim edilib.

4.4 Qısa Tamaşalar Festivalı”na 5 noyabrda yekun vurulacaq. Azərbaycan Dövlət Akademik Musiqili Teatrda bağlanış və mükafatlandırma mərasimi keçiriləcək.