Bakı Mühəndislik Universitetində (BMU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “30 ilin 44 günü” adlı tədbir keçirilib.

Universitetin Tələbə həmkarlar ittifaqı komitəsi (THİK) və BMU “Asan Klub”un təşkil etdiyi tədbirdə öncə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Keçmişdən bu günə” adlı videoçarx nümayiş etdirilib.

BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan tarixinə Vətən müharibəsi kimi əbədi həkk olunub. Vurğulanıb ki, bu 44 gündə əzəli torpaqlarımız qəhrəman şəhidlərimizin qanı və canı bahasına, qazilərimizin igidliyi hesabına işğaldan azad edilib, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa edib.

Tədbirdə çıxış edən general-leytenant Yaşar Aydəmirov ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hərb quruculuğu sahəsində həyata keçirilmiş islahatları nəzərə çatdırıb. Sonrakı mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin bu işləri uğurla davam etdirdiyini vurğulayan general 44 günlük Vətən müharibəsində həyata keçirilən əməliyyatlardan, Azərbaycan əsgərinin qəhrəmanlıqlarından danışıb.

Sonra söz tədbirdə iştirak edən şəhid və qazı övladlarına verilib. Şəhid baş gizir Mehman Yusifovun övladları – Məhəmməd və Süleyman Yusifov, Fatimə Yusifova, şəhid baş gizir Mehrab Niftəliyevin övladları – Kamran və Sənan Niftəliyev, Ləman Niftəliyeva, şəhid gizir Naiq Ələkbərovun övladları – Ömər Ələkbərli və Zəminə Ələkbərli və qazi polkovnik-leytenant Vüqar Əhmədovun övladı Aylin Əhmədli şeirlər söyləyiblər.

Şəhid və qazı övladlarına xatirə hədiyyələri təqdim olunub.

Daha sonra Vətən müharibəsi qaziləri – çavuş Vüqar Məmmədov, əsgər Elnur Əsgərov, baş leytenant Tariyel Şıxbalayev, xüsusi təyinatlıların əsgəri Şirxan Hümbətov, kiçik çavuş Mönsüm İsgəndərov, kiçik çavuş Aşır Gülgəzov keçdikləri döyüş yolları barədə təəssüratlarını bölüşüblər.

General Yaşar Aydəmirova və tədbirdə iştirak edən Vətən müharibəsi qazilərinə BMU-nun təşəkkürnamələri təqdim edilib.

BMU Asan Klubun sədri, tələbə Fərid Ələkbərovun çıxışından sonra tədbir bədii hissə ilə sona çatıb.