AMEA-nın prezidenti akademik İsa Həbibbəyli A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyənin Hacettepe Universitetinin təşkilatçılığı ilə keçirilən “I Beynəlxalq Şah İsmayıl Xətai konfransı”nın iştirakçıları ilə görüşüb.
İsa Həbibbəyli konfransın Şah İsmayıl Xətainin zəngin həyat və fəaliyyətinin araşdırılmasına və yeni faktların üzə çıxmasına töhfə verəcəyini bildirib. Şah İsmayıl Xətainin sovet ideologiyasının təsiri altında ölkəmizdə daha çox şair kimi öyrənildiyini deyən akademik müstəqillik dövründə onun hökmdar, sərkərdə olaraq fəaliyyətinin ətraflı araşdırıldığını vurğulayıb.
Qərbin məkrli planları əsasında Səfəvilərlə Osmanlı imperiyası arasında baş vermiş Çaldıran döyüşünün (1514) səbəbləri üzərində də araşdırmalar aparıldığını bildirən akademik Xətainin bir neçə il öncə aşkara çıxarılmış və Sultan Səlimə yazılmış 31 məktubunun tarixi həqiqətləri ortaya qoyduğunu deyib.
Beynəlxalq konfransın əhəmiyyətindən bəhs edən akademik onun iki ildən bir keçirilməsini təklif edib.
Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov konfransla bağlı məlumat verib, tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Avstriya, Böyük Britaniya və İrandan 50-dən artıq tədqiqatçının qatıldığını deyib.
Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Əhməd Taşğın beynəlxalq konfransın təşkilinə verdiyi dəstəyə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.