Ölkəmizin turizmi potensialı Qazaxıstanda tanıdılıb

 

Noyabrın 3-də Azərbaycan Turizm Bürosu və Qazaxıstanın “Air Astana” aviaşirkətinin “Azərbaycanda qış tətili” mövzusunda keçirdiyi birgə vebinarda ölkəmizin qış turizmi üzrə potensialı nümayiş olunub.

Dövlət Turizm Agentliyindən (ATB) bildirilib ki, tədbir iki ölkə arasında müntəzəm uçuşların bərpa edilməsi ilə əlaqədar keçirilib.

Qazaxıstan turizm sənayesi nümayəndələrinin qatıldığı onlayn tədbirdə Qazaxıstan vətəndaşlarının Azərbaycana səfər etməsinin önəmi vurğulanıb və Azərbaycanın qış turizmi üzrə destinasiya kimi tanıdılmasına dair prezentasiya təqdim edilib.

Tədbirdə “Şahdağ” Turizm Mərkəzi, “Tufandağ” Qış-Yay Turizm Kompleksi və “Absheron Hotel Group” şirkətinin nümayəndələri çıxış ediblər.

“Air Astana” şirkətinin nümayəndələri Azərbaycanla tərəfdaşlıqdan məmnunluqlarını vurğulayıblar.

Qeyd edək ki, “Air Astana” ilə ATB arasında əməkdaşlıq çərçivəsində silsilə marketinq kampaniyalarının həyata keçirilməsi planlaşdırılır.