Məşhur aktyor Leonardo Di Kaprio Şotlandiyanın Qlazqo şəhərində keçirilən “COP26” İqlim Dəyişikliyi Konfransına qoşulub. Hollivud ulduzu uzun müddətdir ki, iqlim dəyişikliyi ilə mübarizəyə öz töhfəsini verir. O, ətraf mühit təşkilatlarına milyonlarla vəsait bağışlayıb, 2014-cü ildə BMT-nin iqlim dəyişikliyi üzrə nümayəndəsi seçilib və istehsalatda təbii materiallardan istifadə edilməsi təşəbbüslərinə dəstək verir.
Qeyd edək ki, oktyabrın 31-də Qlazqoda başlayan “COP26” İqlim Sammiti noyabrın 12-dək davam edəcək. Sammitdə əldə olunan ilk mühüm nəticə 100-dən çox ölkənin liderinin 2030-cu ilədək meşələrin qırılması prosesini dayandırmaq barədə razılığa gəlməsi olub.
Qərarı dəstəkləyən ölkələr arasında Braziliya, Rusiya, Kanada, Kolumbiya, ABŞ, Böyük Britaniya və İndoneziya da var. Ümumilikdə dünyadakı meşə sahələrinin təxminən 85 faizi bu ölkələrin ərazisində yerləşir.
Razılaşma əsasında ayrılacaq 20 milyard dollar vəsaitin bir hissəsi zərər çəkmiş meşələrin bərpasına və meşə yanğınları ilə mübarizəyə yönəldiləcək. Həmçinin sammitdə iştirak edən 28 ölkə kənd təsərrüfatı məhsulları, əsasən də palma yağı, kakao və soya istehsalı üçün meşələrin qırılmasına son qoymaq qərarına gəlib. İndoneziya dünyanın ən böyük palma yağı ixracatçısıdır.