Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un postsovet məkanındakı türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə təşkil etdiyi fotosərginin səyyar nümayişi davam edir. Bu dəfə sərgi Şimali Kipr Türk Cümhuriyyətində – Lefkoşa şəhərində açılıb.

Yaxın Şərq Universiteti və TÜRKSOY-un birgə əməkdaşlığı çərçivəsində, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə düzənlənən fotosərginin açılış mərasimi Yaxın Şərq Universitetinin Atatürk Mədəniyyət və konqres mərkəzi sərgi salonunda baş tutub.

Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin Lefkoşadakı səfiri Əli Murat Başceri iştirak ediblər.

Açılış nitqi söyləyən Ersin Tatar türkdilli  ölkələrin müstəqilliyinin 30-cu ildönümünə həsr olunmuş bu mənalı sərgidə iştirak etməkdən məmnunluğunu dilə gətirib. Bildirib ki, hazırda Şimali Kipr Türk Cümhuriyyətinin tanınması baxımından çətinlikləri olsa da, özlərini müstəqil ölkə olaraq Türk dünyasının bir parçası hesab edirlər: “Türk respublikaları 30 il əvvəl müstəqilliklərini qazanıblar. Biz Kipr türkləri olaraq müstəqilliyimizi böyük mübarizələrlə əldə etdik. İnanıram ki, yaxın gələcəkdə müstəqil bir dövlət olaraq Türk Şurasının daimi üzvü kimi qurumda yerimizi alacağıq. Çünki bizim yerimiz Türk dünyasıdır”.

Türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şad olduğunu qeyd edən səfir Əli Murat Başçeri sərgini Türk coğrafiyasının ayrılmaz hissəsi olan Kiprə gətirdiklərinə görə TÜRKSOY-a və Yaxın Şərq Universitetinə təşəkkürünü bildirib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Türk respublikalarının müstəqilliklərinin 30-cu ildönümünü il ərzində müxtəlif tədbirlərlə qeyd etdiklərini bildirib: “Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan fotoqrafların çəkdikləri şəkillərdən ibarət sərgi qürurvericidir. Çünki Türk respublikaları 30 illik yubileyini qeyd etməklə yanaşı müstəqillik sevincini paylaşır”.

Sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın təbiətini, tarixini, memarlığını, mədəniyyət və incəsənətini, insanlarını və toplumunu əks etdirən fotolar yer alıb. Sərginin nümayişi noyabrın 15-dək davam edəcək.

Mehparə SULTANOVA
Ankara