27 Sentyabr – Anım Günü və 44 günlük Vətən müharibəsinin ildönümünün qeyd olunması ilə bağlı “Azərxalça” ASC-nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinin seçim və təlim mərhələsi başa çatıb.

Bu ilin iyul ayında elan olunan müsabiqəyə müraciət edən yüzdən çox gənc sırasından 13 nəfər seçmə mərhələni keçərək təlimlərə qatılıblar. Bir ay davam edən təlim zamanı həm yerli, həm də xarici mütəxəssislər gənc dizayner və rəssamlarla təcrübələrini bölüşüblər.

Noyabrın 4-də “Azərxalça” ASC-nin İçərişəhərdə yerləşən qalereyasında müsabiqənin son mərhələsi ilə bağlı tədbir keçirilib. “Azərxalça” ASC sədri Emin Məmmədov hər bir gəncə müsabiqədə iştirakına görə təşəkkür edib. Bildirilib ki, bundan sonra “Azərxalça” ASC gənclərlə sıx əməkdaşlıq edəcək.

13 gənc öz əsərlərini təlimçilər, rəssamlar və tanınmış incəsənət xadimlərinin diqqətinə təqdim ediblər. 10 gün ərzində 13 müsabiqə iştirakçısının əsəri İçərişəhər, Böyük Qala 15 ünvanında, “Azərxalça” ASC showroom- da sərgilənəcək. Maraqlanan hər kəs əsərləri seyr etməklə yanaşı, qalibin müəyyən olunamsında, səsvermədə də iştirak edə bilər. 10 gündən sonra qaliblər elan olunacaq. Qaliblərin əsərləri əsasında “Azərxalça”nın “Zəfər” kolleksiyası toxunacaq.