“Biz bundan sonra sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik”


Birinci Bakı Qlobal Forumundan başlayaraq hər yeddi Forumda haqqında danışdığım mövzu Ermənistan–Azərbaycan münaqişəsi idi. Bu gün isə demək istəyirəm ki, münaqişə həll edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bu fikri VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən bildirib.

Prezident deyib: “Münaqişəni Azərbaycan özü həll etdi. Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı”.

Dövlət başçısı vurğulayıb ki, 2020-ci il noyabrın 9-da Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Həmçinin işğal altında qalan digər ərazilərdən çıxmaq cədvəli verildi. Azərbaycan xalqı 4 gündən sonra tarixi Qələbəmizin birinci ildönümünü qeyd edəcək.

Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı ərazilərdə bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün tikililəri yerlə yeksan edib: “Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür”.

“Bu müharibə onu göstərdi ki, tez və ya gec ədalət zəfər çalacaq” deyən Azərbaycan Prezidenti bildirib ki, hazırda azad edilmiş ərazilər də bərpa-quruculuq işləri ilə bağlı genişmiqyaslı dövlət proqramı həyata keçirilir. “Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan çox soydaşımızı, keçmiş məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik”, – deyə İlham Əliyev əlavə edib.

Prezident qeyd edib ki, biz indi postmünaqişə dövründəyik: “Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ cavabını almayıb”.

Dövlətimizin başçısı deyib ki, indi hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq: “Çünki bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq, sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar, bir ildir onlar susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər”.

***

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən növbəti Qlobal Bakı Forumu “COVİD-19-dan sonrakı dünya” mövzusuna həsr olunub.

Prezident İlham Əliyev bildirib ki, pandemiya bu gün qlobal gündəlikdə bir nömrəli məsələdir: “Biz pandemiya, postpandemiya dövrü haqqında danışdıq. Hətta tam aydın deyil, biz postpandemiya dövrünə qədəm qoymuşuq, yoxsa yox. Çünki müxtəlif ölkələr fərqli yanaşmalar sərgiləyir”.

Dövlətimizin başçısı qeyd edib ki, bu xəstəliyin başladığı ilk günlərdən etibarən Azərbaycan həm daxildə, həm də beynəlxalq səviyyədə çox fəal işlədi: “Biz regionda ilk ölkələrdən biri idik ki, yaşı 18-dən yuxarı olan əhalinin təxminən yarıdan çoxunu – 60 faizini iki doza peyvənddən keçirə bildik. Biz 13 yeni dövlət xəstəxanası açdıq. Demək olar ki, 4 minə yaxın çarpayı potensialı ilə bu təsisatlar hazırda pandemiyadan əziyyət çəkən çox sayda insanlara xidmət göstərir və indi pandemiya nəzarət altındadır”.

Prezident onu da diqqətə çatdırıb ki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım edib, bir sıra ölkələrə isə ödənişsiz peyvənd dozalarını çatdırıb. “Həmçinin Dünya Səhiyyə Təşkilatına donor kimi 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı ayırdıq. Bu kimi addımlar, eləcə də dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşması məsələnin həllinə töhfə verə bilərdi”, - deyə Prezident İlham Əliyev əlavə edib.

***

Noyabrın 6-dək davam edəcək Forumda dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq.

VIII Qlobal Bakı Forumu noyabrın 4-də açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib.

Forumun birinci panel iclası “COVİD-19-dan sonra yeni dünya nizamı” mövzusuna həsr olunub. Paneldə COVİD-19-dan sonra siyasi landşaft, postkonflikt idarəçilik, qlobal idarəetmə, qlobal təhlükəsizlik, dəyişən dünyada Çinin rolu, Böyük 7-lik və Böyük 20-lik formatları, qlobal iqtisadiyyat və ticarət, təbii resurslar uğrunda mübarizə, qeyri-bərbərlik, insan haqları, ətraf mühit və sabit iqtisadi inkişaf məsələləri müzakirə edilib.

Panel iclaslarda, həmçinin “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, eləcə də Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.

Forumun son günü iştirakçıların işğaldan azad olunmuş ərazilərə, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri nəzərdə tutulub.