Festivalda 30 ölkədən 50 ekran əsəri iştirak edir

 

Noyabrın 3-də Daş Salnamə Muzeyində V “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalının açılışı keçirilib. Builki festivalın əsas mövzusu “Hisslər±” adlanır.

Mərasimdə Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, kinorejissor Teymur Daimi, YARAT-ın mədəni proqramlar departamentinin rəhbəri Ülviyyə Axundova, Rusiyadan prodüser Alla Kargina, rejissor Anastasiya Sarıçeva, finlandiyalı kinorejissor Maya Blofild və digər qonaqlar iştirak ediblər.

Festivalın direktoru İmam Həsənov bu il beşincisi keçirilən film bayramı haqqında məlumat verib. Bildirib ki, seçim komissiyası 3 ay müddətində tamaşaçılara və münsiflər heyətinə təqdim olunacaq filmləri qiymətləndirib və proqrama 200-dən çox iddiaçı arasından seçilmiş 50 ekran əsəri daxil edilib. Ümumilikdə 30 ölkədən daxil olan ən yaxşı ekran işlərini beynəlxalq münsiflər heyəti ən yaxşı tammetrajlı, ən yaxşı qısametrajlı, həmçinin ən yaxşı Azərbaycan filmini müəyyən edəcək. Qaliblər diplom və festivalın “Human” heykəlcikləri ilə təltif olunacaqlar.

Direktor əlavə edib ki, festivalın təşkilatçıları kino sahəsində xüsusi xidmətlərinə görə Azərbaycan və dünya kinosunun görkəmli xadimləri üçün xüsusi mükafatlar da təyin edib. Bundan əlavə, ssenarist və rejissor Çingiz Rəsulzadənin xatirəsinə həsr olunmuş Azərbaycan sənədli filmlərinin retrospektivi, o cümlədən əsas proqrama daxil edilməyən, mövzusu pandemiya dövrünü əhatə edən filmlərin nümayişi də təşkil ediləcək.

7 noyabradək müxtəlif mədəniyyət ocaqlarında reallaşacaq festival çərçivəsində nümayiş ediləcək filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına həsr olunan ekran işləridir Filmlər orijinal dildə, Azərbaycan dilində alt yazılarla təqdim ediləcək.

Qeyd edək ki, 2017-ci ildə əsası qoyulmuş festival müxtəlif ölkələrdən sənədli filmlərin nümayişi ilə yanaşı, yerli filmmeykerlərə dəstək vermək məqsədi daşıyır.

Lalə AZƏRİ