Füzuli Dövlət Dram Teatrında (Horadiz şəhəri) şəhid övladları ilə görüş keçirilib. Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və teatrın dəstəyi ilə gerçəkləşən görüşdə əvvəlcə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunub.

Sonra teatrın hazırladığı “Ətrin gəlir, Xarıbülbül” adlı poetik xalq tamaşası nümayiş etdirilib. Tamaşada Şuşa şəhərinin erməni təcavüzkarlarından azad olunması, Ana vətənin Qarabağla görüşündən bəhs olunur.

Tamaşanın ssenari müəllifləri Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev və Əfsanə Kərimova, quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Rolları İntizar Quliyeva, Sevinc Məmmədova, Qoçaq Qarayev, Sehran Xanlarov, Əli Hüseynov, Elşən Gözəlov, Günel Həsənova və digərləri ifa ediblər.

Daha sonra Qarabağ Zəfərimizə aid mahnılar səsləndirilib, şəhid övladları üçün məxsusi hazırlanan “Şən klounlar və nağıl qəhrəmanları” adlı proqram təqdim olunub.

Yaddaqalan görüş şəhid yadigarlarının sevincinə səbəb olub. Çıxış edənlər göstərilən diqqət və qayğıya görə təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.