Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon Heydər Əliyev Mərkəzində şəhid övladları üçün “Əmanətiniz göz bəbəyimizdir” adlı tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin dəstəyi və mərkəzin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Birinci Qarabağ müharibəsi şəhidlərinin nəvələri, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin övladları iştirak ediblər.

Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov açaraq torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının bizlərə əmanət qoyduqları övladlarına diqqət və qayğının hər kəsin mənəvi borcu olduğunu vurğulayıb.

Əyləncəli proqramda mərkəzin dərnək üzvləri tərəfindən şeirlər səsləndirilib, mahnılar ifa olunub, rəqslər təqdim edilib. Şəhid övladları həmyaşıdlarına qoşularaq şeirlər söyləyib, rəqs edib, viktorinada sualları cavablandırıblar. Tədbirdə iştirak edən hər bir şəhid övladına hədiyyələr təqdim olunub.

Sonda ulu öndəri Heydər Əliyevin mərkəzin qarşısında ucaldılan abidəsi önündə xatirə şəkli çəkdirilib, uşaqlar havaya şarlar buraxıblar.