Noyabrın 5-də Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə Zəfər Gününə həsr edilmiş “Qayıdış” adlı qəhrəmanlara dəstək satış-sərgisinin açılış mərasimi keçirilib.

Əvvəlcə tarixi Zəfəri xalqımıza yaşadan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb. Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Aydın Talıbov, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov bu tarixi günün əhəmiyyətindən və sərginin məqsədindən söhbət açıblar.

Bildirilib ki, 44 günlük müharibənin qəhrəmanlarına və onların ailələrinə dəstək olmaq məqsədilə təşkil edilən sərgiyə qısa zaman kəsiyində 100-dən artıq müraciət olunub, 50-yə yaxın əsər nümayiş üçün qəbul edilib.

Satış-sərgidən əldə edilən gəlirin 70 faizinin “YAŞAT” Fondunun, 30 faizinin isə rəsm əsərlərinin müəlliflərinin hesabına köçürülməsi nəzərdə tutulub.

Vurğulanıb ki, Vətən müharibəsi qəhrəmanlarına dəstək çağırışına qoşulan rəssamların bu addımı təqdirəlayiqdir.

Sərgi günlərində ziyarətçilər müxtəlif mövzuları əhatə edən rəsm əsərləri ilə yaxından tanış olacaq, bəyəndikləri əsərləri alaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstəyi ifadə etmiş olacaqlar. Noyabrın 11-dək davam edəcək sərgi çərçivəsində rəssamlar arasında müsabiqə keçiriləcək və qaliblərə hər üç təşkilatın imzası olan diplomlar təqdim ediləcək.

27 ildir fəaliyyət göstərən, sosial məsuliyyətli və vətənpərvər korporativ “vətəndaş” olan Veysəloğlu Şirkətlər Qrupu Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərin ailələrinə və qazilərə hər zaman xüsusi hörmətlə yanaşır, maddi və mənəvi dəstək olur.