Türkiyədə sığınacaq alan İraq türkmənlərinin əksəriyyəti baxışlarında zaman-zaman çəkdikləri iztirabı, nisgili, qəribliyi gəzdirir. Nə qədər çəkingən, küsküngörsənsələr də, içlərindən o qədər də əzm, doğmalıq boylanır. Danışıqları kimi, davranışları da, adət-ənənələri də bizə oxşar olan İraq türkmənlərinin nədən hər zaman başları dərddədir? Onları Türkiyəyə, İrana, Misirə, Almaniyaya, Kanadaya və dünyanın başqa ölkələrinə didərgin salan səbəblər nədir?

İraq parlamentinin keçmiş millət vəkili, Türkməneli Partiyasının sədri Riyaz Sarıkaya ilə bu barədə danışdıq.


– Türk xalqları arasında İraq türkmənlərinin ləhcəsi Azərbaycan türklərinə ən yaxın olanıdır. Bir sıra alimlər bunun səbəbini Kərkük türkmənlərinin Azərbaycan əsilli olması ilə izah edir. Türkcəmizin bu qədər oxşarlığını siz necə izah edərdiniz?

– Əlbəttə, Azərbaycan türkləri ilə İraq türkmənlərinin ləhcə oxşarlığı, coğrafiya oxşarlığı, başqa mənəvi yaxınlığı var. Biz türkmənlər özümüzü Türk dünyasının bir parçası hesab edirik. Hüquqi olaraq İraq vətəndaşıyıq. Ancaq İraq vətəndaşı olmağımız bizim Türk dünyası ilə bağlantımızı kəsmir. İraq Konstitusiyasının 3-cü maddəsində deyilir ki, İraq etnik, məzhəb və dini müxtəliflikdən ibarət olan bir dövlətdir. Doğrudur, biz türkmənlər indiki İraq ərazisinə əsasən Abbasilər dönəmində gəlmişik. Amma bu ərazilər bizim tarixi vətənimizdir. Türkmənlərin o ərazilərdə 3 min illik məskəni var, buna dair tarixi faktlar mövcuddur. Səlcuqlardan öncə Təbriz üzərindən gələrək İraqda yerləşənlər də olub. Osmanlı dövləti qurulduqdan sonra Anadoludan gələn türklər də var. Kərkükdə yaşayan türkmənlərin danışığı, şivələri daha çox Azərbaycan türkcəsindədir. Təlafərdəki türkmən qardaşlarımız bir az Anadolunun güneyinə, məsələn, Urfaya yaxın şivə ilə danışırlar.

Onu da deyim ki, İraq dövləti 100 il öncə, 1921-ci ildə qurulub. Ondan öncə biz İstanbula bağlı idik, Osmanlının bir parçasıydıq. Amma o zaman da şivəmiz dəyişmədi. Ona görə də biz türkmənlər özümüzü azərbaycanlı, türkmənistanlı, anadolulu qəbul edərik. Hamısı bizim üçün dəyərlidir. Amma danışığımız Azərbaycan dilinə daha yaxındır.


– Kərkük mədəni kimliyini qoruyub saxlaya bilibmi?

– Təbii ki. Kərkük mədəniyyəti daha çox Təbriz mədəniyyətinə bənzəyir. Biz məzhəbçi deyil, türkçüyük. Bizim türkmənlərin yarısı sünni, yarısı şiədir. Amma bizim öz mədəniyyətimizi, adət-ənənələrimizi qoruyub, günümüzə qədər gətirib çıxarmağımız o qədər də asan olmadı. Çünki İraqda Səddam Hüseynin zamanında qatı irqçi bir iqtidar vardı. Səddam 1978-ci ildə hakimiyyətə gəldi və o gələr-gəlməz siyasi təzyiqlər daha da artmağa başladı. Türkməncəni çox yerdə qadağan etmişdilər. Məktəblərdə də vəziyyət belə idi. Biz “mən türkəm” deyə bilməzdik. Vəzifə də verilməzdi. Odur ki, zamanla çox insanlarımız xaricə getdi.


– Siz də uzun zaman Ankarada yaşamısınız...

– Bəli, mən 1975-ci ildə təhsil almaq üçün Türkiyəyə gəldim. Trabzon Qaradəniz Texniki Universitetində təhsil aldım. 1981-ci ildə məzun oldum. O illərdə İran-İraq müharibəsi vardı. Biz də siyasi fəaliyyətə başlamalı olduq. Öncə Türkiyədə dərnəklər qurduq. 1991-c ildə Körfəz savaşı oldu. Biz də siyasi partiya yaratdıq və İraqa gedərək fəaliyyətimiz orada davam etdirdik. Türkmənlərin yaratdığı 9 partiya var. Türkməneli ilk yaradılan partiyadır, 1994-cü ildə yaratdıq. Amma Səddam devrildikdən sonra partiyaların fəaliyyəti qadağan edildi.


– Kərkük türkmənləri çox zülmə məruz qalıb. Nə səbəbdən?

– Kərkük neftlə zəngin olan tarixi şəhərdir. İraqın bütünlükdə büdcəsi 40 il Kərkük nefti ilə idarə olunub. Neft Kərkükdə 1920-ci ildən çıxır. Sonradan Bəsrədə kəşf edilib. Vaxtilə təkcə Kərkükdə 3 milyon türkmən yaşayıb, sonradan o ərazilərdə bizə qarşı sıxışdırma siyasəti yürüdülməyə başlandı. Daha çox da Səddam Hüseynin zamanında. İraqda türkmən coğrafiyası böyük ölçüdə zərər gördü, xüsusilə də Kərkük. İnsanlarımızın son 7 ildə yarıdan çoxu köç etmək məcburiyyətində qaldı. İraqın başqa şəhərlərinə, Bağdada, Kərbəlaya getdilər. Türkiyəyə gələn də çox oldu. Problem ondadır ki, biz öz ata-baba torpaqlarımızdan uzaqlaşdıca türkmən kimliyi də zəifləyir. Didərgin düşən türkmənin özü də olmasa, övladında bu özünü göstərir. Bunu ən böyük faciəmiz hesab edirəm. Həm də türkmən kimliyini itirməyə insanlarımız məcbur edilir. Hətta Səddam dönəmində vəziyyət o qədər gərgin idi ki, onun xəta-bəlasından uzaq olmaq üçün bəzi türkmənlər həyatda qalmaq üçün öz kimliklərini danırdılar.


– Siz millət vəkili olduğunuz dönəmdə İraq türkmənlərinin hüquqları ilə bağlı nə işlər görüldü? Bu gün İraq türkmənləri üçün ən önəmli məsələlər nədir?

– Mən deputat olduğum dövrdə türkmənlər haqqında İraq konstitusiyasını yazan komissiyanın üzvü idim. Konstitusiyada türkmənlərlə bağlı çox yaxşı maddələr əks olunub. İraq Konstitusiyasına görə, türkmənlərin siyasi, mədəni, idarəçilik, təhsil, dil haqları var. Biz İraqda ibtidai məktəbdən ali məktəbə qədər açmaq hüququna sahibik. Amma dövlət özü zəifdir deyə, qanunlar icrasında problemlər yaşanır. Hazırda bizim o maddələri icra etmək imkanımız yoxdur. Çünki hazırda İraqda çox qarışıqlıq var, siyasi şəbəkələşmələr çoxdur. Hazırda bu ölkədə yaşamaq təkcə türkmənlər üçün deyil, ərəb və kürdlər üçün də çətindir. Doğrudur, indi terror hadisələri nisbətən azalıb. Amma bir neçə il öncə İŞİD bölgədə hakim olduğu dövrdə türkmənlərin çox yaşadığı Təlafər az qala məhv edildi. İŞİD bölgədə zərəsizləşdirildi, amma əhalinin hamısı geri dönmədi, yalnız 30 faizi qayda bildi. İraqda İŞID sadəcə türkmən bölgələrini deyil, ərəblərin yaşadığı yerləri də yıxıb, dağıdıb. Bütün bunların hamısı bərpa olunmalıdır. Bizim istəyimiz odur ki, İraqda durum normallaşsın və köç edən türkmənlər geri dönsün. Dediyim kimi, konstitusiyada gözəl maddələr var türkmənlərlə bağlı, amma icra edilmir. İndi İraqda şərtlər də ağırdır. Bizə görə İraq, İran, Türkiyə qonşu ölkələr kimi yaxşı münasibətlər qurarsa, bu bizə də rahatlıq gətirər.
Mən parlamentdə olarkən türkmən millət vəkillərimizin sayı 15 idi, ancaq indi azaldı, 10 oldu. Təhsil və mədəni fəaliyyətlərin artırılmasına ehtiyacımız var. Doğrudur, istədiyimiz qədər türkməncə məktəb aça bilərik. İndi buna qadağa yoxdur. Səddam zamanında isə heç iki türkmən müəllim türkməncə danışa da bilməzdi. Türkmən məktəbləri cəmi 15 ildir açılıb. Savadlı müəllim kadrlar yetişdirməliyik. Türkiyədə də son illərdə gənclərimiz təhsil alırlar. İki televiziyamız – “Türkməneli” və İraq dövlətinin türkcə televiziyası var. Türk dünyası ilə əlaqələrimizi genişləndirmək istəyirik.


– Azərbaycanla əlaqəniz varmı?

– Dörd il əvvəl Azərbaycana səfər etmişdim, bəzi görüşlərim oldu. Təklif etdim ki, Azərbaycan Kərkükdə Mədəniyyət Mərkəzi açsın, biz bundan çox yararlanarıq. Bakıda da ortaq fəaliyyət göstərəcək Türkmən-Azərbaycan Dostluq Dərnəyi açaq. Zatən biz eyni kökdənik. Mədəniyyət məsələsində Azərbaycandan geridəyik. Ona görə də Azərbaycan mədəniyyəti İraq türkmənlərinə daha cazibədardır və daha asan mənimsənər. Bizim tariximiz, ədəbi-mədəni irsimizlə bağlı tədqiqatlar aparmış professor Qəzənfər Paşayevdən Allah razı olsun. Əlaqələrimizin artmasında onun az xidməti olmayıb. Amma biz çox istərdik ki, mənəvi yaxınlığımızın daha da inkişafı üçün Azərbaycan tərəfi aktiv olsun, İraqa gələn nümayəndələr türkmən bölgələrini də ziyarət etsin. Kərbəlaya çox azərbaycanlılar gəlir. Orada da bir yer aça bilərik, yəni onlarla əlaqə qurmaq üçün. Məsələn, azərbaycanlı qardaşımız Kərbəlaya ziyarətə gəlir, amma bəlkə ərəb dilini bilmədiyi üçün çətinlik də çəkir. Biz Türk dünyası ilə İraq arasında körpü ola bilərik. Məsələn, Azərbaycana göndərilən İraq səfirləri əsasən türkmən olur. Yəni dövlət türkmənlərdən faydalana bilir. Azərbaycanın İraqdakı səfirliyi ilə də sıx əlaqələrimizin olmasını istəyirik. Yeri gəlmişkən, Azərbaycanın Qarabağ zəfərindən sonra səfirliyə zəng etdik, təbriklərimizi çatdırdıq. Bu zəfəri biz türkmənlər də sevinclə qarşıladıq.

Mehparə SULTANOVA
Ankara