Noyabrın 5-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində 44 günlük Vətən müharibəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, tədbir torpaqlarımızın azadlığı uğurunda canından keçmiş Vətən övladlarının, o cümlədən bu ilin iyunun 4-də öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan jurnalistlər – Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirələrinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov müzəfər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad etməsinin tarixi əhəmiyyətini vurğulayıb. “Vətən müharibəsində media nümayəndələri öz qələmlərini süngüyə çevirməyi bacardı” deyən Əhməd İsmayılov bildirib ki, Azərbaycan jurnalistlərinin ön cəbhədə hərbçi kimi, reportyor kimi iştirakı yüksək qiymətləndirilir. Görüş iştirakçılarına Medianın İnkişafı Agentliyinin jurnalist peşəkarlığı ilə bağlı həyata keçirdiyi təlimlər barədə məlumat verilib. Həmçinin media savadlılığının artırılması, jurnalistikanın müxtəlif sahələri üzrə ixtisaslaşmış klubların yaradılmasına dair fikir mübadiləsi aparılıb.

Görüşdə çıxış edən hərbi ekspertlər Ruslan İmamquliyev, Əlisəfa Mehdi, Qarabağ qazisi Rey Kərimoğlu, Vətən müharibəsi iştirakçısı İlham Tumas və digərləri ixtisaslaşmış klubların yaradılması ideyasına dəstək ifadə ediblər.