“Şuşa, sən azadsan!” sənədli filminin təqdimatı keçirildi


Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın ilk ongünlüyündə 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizin ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Noyabrın 5-də Heydər Əliyev Sarayında bu silsilədən növbəti təqdimat gerçəkləşdi. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsal etdiyi “Şuşa, sən azadsan!” sənədli filmi geniş auditoriyaya təqdim olundu.

Tədbirdə rəsmilər, millət vəkilləri, Xüsusi Təyinatlı Qüvvələrin əsgər və zabit heyəti, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq Zəfər Günü münasibətilə təbriklərini çatdırdı. Mədəniyyət Nazirliyi tərəfindən əlamətdar gün münasibətilə müxtəlif tədbirlərin keçirildiyini söyləyən nazir “Şuşa, sən azadsan!” sənədli filminin Zəfər bayramımıza xüsusi töhfə olduğunu bildirdi: “İnsanların şüurlarına təsir edən ən gözəl vasitə filmdir. Bu qəbildən filmləri yaratmaqda məqsəd şücaətli Azərbaycan Ordusunun qəhrəmanlığını bir daha xalqımıza, dünyaya göstərmək və tariximizin yaddaşına həkk etməkdən ibarətdir. Vətən müharibəsi və Zəfərimiz bizə göstərdi ki, haqq-ədalət hər zaman qalib gəlir. Bunu cənab Prezidentimiz də Vətən müharibəsinin ilk günlərindən söyləyirdi. Ali Baş Komandan deyirdi: “Bizim işimiz haqq işidir. Biz haqq yolunda savaşırıq və tarixi ədaləti bərpa etmək istəyirik”. Vətən müharibəsində bir daha göstərdik ki, biz böyük xalqıq. Dəmir yumruq kimi birləşib düşməni məhv etdik. Azərbaycan xalqı həm döyüşkən, həm də haqqı kimsədə qoymayan xalqdır. Biz göstərdik ki, Azərbaycanın Mübariz İbrahimov, Allahverdi Bağırov, Albert Aqarunov, Polad Həşimov kimi qəhrəmanları var, belə güclü Ali Baş Komandanı var”.

Anar Kərimov qeyd etdi ki, Vətən müharibəsində yaradıcı mədəniyyət dağıdıcı düşüncəyə, barbarlığa qalib gəldi: “Biz bunu təqdim olunan film vasitəsilə də göstəririk. Biz Zəfər qazanmışıq, amma informasiya müharibəsi hələ də davam edir. Azərbaycan xalqı buna hazır olmalıdır. Biz tarixi yaddaşımızı unutmamalıyıq”.

Vətən müharibəsində qazanılan Zəfərlə bağlı layihələrin davam edəcəyini söyləyən nazir bu silsilədən İctimai Televiziyada nümayiş olunan “Görünməyən qəhrəmanlar” adlı sənədli filmi qeyd etdi. Diqqətə çatdırdı ki, ölkəmizin mədəniyyət sahəsində çalışan şəhid və qaziləri haqqında “Səhnədən səngərə” layihəsi də davam etdirilir. Bununla yeni nəslin milli vətənpərvərlik ruhunda böyüməsi diqqət mərkəzində saxlanılır.

Anar Kərimov çıxışının sonunda “Şuşa, sən azadsan!” filminin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Ekran əsərinin rejissoru Cavidan Şərifov film haqqında məlumat verdi. O, Vətən müharibəsi başlayan zaman Bakı Media Mərkəzinin rəhbərliyi tərəfindən xüsusi bir qrupun yaradıldığını bildirdi: “Biz ön cəbhəyə ezam olunduq və çalışdıq ki, maksimum dərəcədə döyüş zonasına yaxın olaq, əsgər və zabitlərin igidliyini, mərdliyini kadrlar vasitəsilə xalqımıza çatdıra bilək. Qaynar nöqtələrə gedəndə məqsədimiz film çəkmək deyildi. Son getdiyimiz yer Şuşa şəhəri oldu. Geri dönəndə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və direktor Orman Əliyev çəkdiyimiz kadrlara baxıb dedilər ki, mütləq bir film hazırlamaq lazımdır”.

Bakı Media Mərkəzinin direktoru Orman Əliyev vurğuladı ki, tarixi həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında audiovizual sənətin böyük əhəmiyyəti var: “Film Vətən müharibəsində qazanılan Qələbə mövzusundadır. Bu Qələbə əldə edilməsəydi, belə bir film də olmazdı. Ona görə də bu Qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə və qüdrətli Ordumuza təşəkkür edirik”.

Çıxışlardan sonra film nümayiş olundu.

Qeyd edək ki, müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan Şuşa əməliyyatının diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunur. Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, Şuşanın işğaldan azad edilməsində əvəzsiz rol oynayan Xüsusi Təyinatlı Qüvvələrin keçdiyi döyüş yolu, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alıb.

Gecədə həmçinin Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” tərəfindən istehsal olunmuş “Biz” sənədli filmi də nümayiş etdirildi. Ekran işi Vətən müharibəsi dövründə fenomenə çevrilən, foto və video materialları yayılan və müzakirə olunan sadə insanlardan bəhs edir. Müharibədə baş verən taleyüklü hadisələri həmin anın şahidləri – əsgərlər, həkimlər, təqaüdçülər, bloger və jurnalistlər danışırlar.

Filmin ideya müəllifi və rejissoru Orman Əliyev, prodüseri Fariz Əhmədovdur.

Nurəddin MƏMMƏDLİ