Akademik Musiqili Teatrında Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə noyabrın 1-dən 5-dək keçirilən “4.4 Qısa Tamaşalar Festivalı”nın bağlanış mərasimi keçirilib.

Festival xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərə və şəhidlərimizin xatirəsinə ithaf edilib.

Noyabrın 5-də Akademik Musiqili Teatrda keçirilən bağlanış mərasimində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edib. Elnur Əliyev festivalın əhəmiyətini vurğulayaraq bu layihənin davamlı olmasını arzu etdiyini bildirib.

Tamaşaçılar festivalın 4 videoicmalını izlədikdən sonra çıxış edən layihə rəhbəri Vidadi Qafarov bu teatr bayramının baş tutmasında əməyi olan hər kəsə öz minnətdarlığını bildirib.

Sonra qaliblərin mükafatlandırma mərasimi başlayıb.

Üçüncü yerin mükafatçısını Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev elan edib. Lənkəran Dövlət Dram Teatrının gənc rejissoru Tərlan Abdullayevin müəllifi və rejissoru olduğu “Sonuncu görüş” tamaşası üçüncü yerə və pul mükafatına layiq görülüb. Tamaşanın videoyazısı bir daha nümayiş olunub.

Sonra səhnəyə münsiflər heyətinin sədri, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov dəvət edilib. O, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Xalq artisti Pərviz Məmmədrzayevdən ibarət münsiflər heyətinin festivalın uğurlu keçməsində rolunu vurğulayıb. İ.İsrafilov ikinci yerə layiq görülmüş “44” tamaşasının yaradıcı heyətini səhnəyə dəvət edərək xüsusi diplom və pul mükafatını onlara təqdim edib. Tamaşanın müəllifi və rejissoru, Akademik Musiqili Teatrın rejissoru Zaur Əliyev yüksək dəyərə görə münsiflər heyətinə və təşkilatçılara öz təşəkkürünü bildirib. “44” tamaşasının nümayişindən sonra festivalın birinci mükafatçısı elan olunub.

Festivalın qalibi ƏSA Teatrının “Qonşu” tamaşası olub. Qalib tamaşaya mükafatı mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Nihad Qulamzadənin müəllifi və rejissoru olduğu “Qonşu” tamaşasının yaradıcı heyəti xüsusi diplom, “Dəfnə mükafatı” və pul mükafatına layiq görülüb. N.Qulamzadə çıxış edərək yüksək etimada görə təşəkkürünü çatdırıb. Daha sonra tamaşaçılar “Qonşu” tamaşasının videoyazısını izləyiblər.

Sonda festivalın direktoru Elçin Cəfərov səhnəyəı çıxaraq teatr bayramının uğurla başa çatması münasibətilə hər kəsi təbrik edərək, əməyi keçənlərə minnətdarlığını bildirib.