Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində rəşadətli Ordumuzun 44 günlük qalibiyyət yolunui tərənnüm etmək məqsədilə “Qoy ucalsın haqqın səsi” adlı tədbir keçirilib.

Dövlət himninin sələndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qəhrəman qazilər – 2016-cı ilin Aprel döyüşləri və 2020-ci il Vətən müharibəsinin iştirakçıları İmran Rəcəbov, Əli Hümbətov, Çingiz Qədimov torpaqlarımızın azadlığı uğrunda döyüş əməliyyatlarından söz açıblar. Mövzu ilə bağlı videoçarxlar nümayiş olunub.

Tədbirin bədii hissəsində G. Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbinin direktoru Vəfa Həziyevanın rəhbərliyi ilə məktəbin müəllim və şagird kollektivi vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış ediblər. Konsert proqramı konsertmeyster Səbinə Mustafayevanın müşayiəti ilə Ramal İbişovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” mahnısı ilə başa çatıb.

Muzeyin foyesində “Qarabağ mövzusu teatr rəssamlarının eskizlərində” adlı sərgi nümayiş olunub. Sərgidə muzeyin kolleksiyasına daxil olan 20 eksponat təqdim edilib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, muzey əməkdaşları iştirak ediblər.