Bakı Kitab Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə www.shusha.today portalının təqdimatı olub.

Portalda Şuşa şəhərinin tarixi, 1992-ci ildə işğal edilməsi və 2020-ci ildə 44 günlük müharibə zamanı işğaldan azad olunması dövrünü əhatə edən məlumatlar yerləşdirilib.

Portalın işçi qrupunun üzvü Zaur Məmmədov bildirib ki, 7 bölmədən ibarət olan portalda Şuşanın tarixi, erməni vandalizmi nəticəsində Şuşanın dağıdılmış tarixi və mədəni abidələri, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti, dövlət başçısının Şuşaya səfərləri, şəhərdə aparılan quruculuq işləri və digər məlumatlar əks olunub.

“Şuşanın qəhrəmanları” bölməsində ölkə başçısının sərəncamına əsasən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının siyahısı təqdim olunub.

“Şuşanın məşhur insanları” bölməsində Şuşada anadan olan, yaşayan, yaradan, Şuşanın tarixində və mədəniyyətinin formalaşmasında misilsiz rolu olan tarixi şəxsiyyətlər barədə məlumat, foto və videomateriallar verilib.

Tədbirdə çıxış edən Xalq yazıçısı Anar deyib: “Qazandığımız Qələbə tarixi və misilsiz bir hadisədir. Buna görə Azərbaycan xalqı öz ordusuna və Ali Baş Komandan İlham Əliyevə minnətdardır. Bu otuz il ərzində ermənilər dünyaya o qədər yalanlar danışıblar ki, dünya ictimaiyyətini nəyəsə inandırmaq çətin olacaq. Bununla belə portalın ingilis dilli auditoriyaya ünvanlanması olduqca əhəmiyyətlidir”.

Professor Elmira Süleymanova, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçısı Çingiz Abdullayev layihə ilə bağlı fikirlərini bölüşüblər. Vurğulanıb ki, tarixi həqiqətlərin xarici dillərdə təbliği olduqca vacibdir.

8 Noyabr – Zəfər Gününə həsr edilən tədbirdə Əməkdar artistlər Fərqanə Qasımova, Azər Zadə, beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə və digər sənətçilərin ifalarından ibarət musiqili proqram da təqdim olunub.